Niderlandlı nazir müavini: Bakıda keçirdiyim görüşlərin nəticələrini yüksək qiymətləndirirəm
- 25 fevral, 2025
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland Krallığının siyasi məsələlər üzrə nazirinin müavini Marsel de Vink Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb, ölkəyə tezliklə qayıdacağına ümid etdiyini bildirib.
"Report" Niderlandın Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
De Vinkin sözlərinə görə, o, Bakıda bir sıra rəsmi şəxslərlə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla çox məhsuldar görüşlər keçirib: "Onlarla görüşmək şərəf idi. Biz qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik".
Nazir müavini qeyd edib ki, səfər zamanı iqtisadi və konsulluq, o cümlədən miqrasiya məsələləri müzakirə olunub.
“İkitərəfli münasibətlərimizdə müzakirə ediləcək çoxsaylı mövzular var. Ona görə də bu səfər çox məhsuldar oldu. Bununla belə, müzakirə təkcə ikitərəfli məsələlərlə bağlı deyil, həm də bu region Avropanın bilavasitə qonşusu olduğu üçün xüsusi əhəmiyyət kəsb edən regional problemlər haqqında olub. Bundan əlavə, biz daha geniş geosiyasi aspektlərə toxunduq ki, bu da indiki şəraitdə xüsusilə aktualdır. Həmkarlarımla görüşlərə, eləcə də Bakıda mənə göstərilən gözəl qonaqpərvərliyə görə çox minnətdaram. Bu mənim ilk səfərimdir, amma ümid edirəm ki, sonuncu deyil”, - o vurğulayıb.