Azərbaycanda icbari sığorta növləri üzrə ödənişlər 9 ayda 19 %-dən çox artıb

Maliyyə
  • 26 oktyabr, 2026
  • 12:37
Azərbaycanda icbari sığorta növləri üzrə ödənişlər 9 ayda 19 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 255,611 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,2 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 125,786 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,3 % çoxdur.

Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 38,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur. 9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.