Nazir: Litva şirkəti Araz iqtisadi zonasına 50 milyon manatlıq investisiya yatırıb

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:14
Nazir: Litva şirkəti Araz iqtisadi zonasına 50 milyon manatlıq investisiya yatırıb

Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşğuldur, 50 milyon manatlıq investisiya yatırılıb.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, bu, müəssisə fəaliyyətə başladıqda azad olunmuş ərazilərdə 650 əlavə iş yeri deməkdir.

"İki ölkə arasında nəqliyyat və logistika sahəsində olan imkanlar, Azərbaycanın təklif etdiyi məqamlar, Avropa ilə Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya arasında körüpü rolunun oynanması, Bakı limanının potensialı və onun artma planları, eyni zamanda, Bakı və Klaypeda limanları arasında əməkdaşlığın qurulması, Şimali Avropada əsas giriş məntəqələrinin olması, iki ölkənin dəmiryolu operatorları arasında sıx əlaqələrin formalaşması müzakirə edilib.

Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad iqtisadi zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını da faydalı hesab edirik", - deyə nazir vurğulayıb.

C.Bayramov qeyd edib ki, humanitar turizm-sahəsi də müzakirə olunub. O əlavə edib ki, Litvada 800-ə yaxın azərbaycanlı tələbə ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alır.