Litva Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsinin tərəfdarıdır

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:29
Litva Azərbaycan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsinin tərəfdarıdır

Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir.

"Report" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi istiqamətlərdən biridir.

"Müzakirələr hələ yeni başlayıb, lakin mən inanıram ki, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yarada, insanlar arasında təmasları genişləndirə və qarşılıqlı anlaşmanı gücləndirə biləcək", - o bildirib.

O, xatırladıb ki, 2027-ci il yanvarın 1-də Litva Avropa İttifaqı Şurasında sədrliyə başlayacaq. Vilnüs Aİ ölkələrinə bütün 27 üzv dövlət üçün məqbul olan həll yollarını tapmaqda və Aİ-nin tərəfdaşlarla, o cümlədən Azərbaycanla əlaqələrini gücləndirməkdə kömək etmək niyyətindədir.

Nazir vurğulayıb ki, tərəfdaşlığın inkişafı həm Aİ-nin, həm də Azərbaycanın maraqlarına cavab verir. Onun sözlərinə görə, Aİ investisiyalarda və digər ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Aİ həmçinin sabitliyin möhkəmləndirilməsinə və rifahın artmasına töhfə verməyə çalışır.

"Bu kontekstdə biz artıq indidən Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini nəzərdən keçirə bilərik", - K.Budris bəyan edib.