Mariya de Vayn WUF13-də şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılması təşəbbüsünü irəli sürüb
- 20 may, 2026
- 14:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Həyat keyfiyyəti üzrə təşəbbüs şəhərlərin inkişafına insan mərkəzli yanaşmanın formalaşdırılmasına və ənənəvi iqtisadi göstəricilərdən kənara çıxan rifahın qiymətləndirilməsinə yönəlib.
"Report"un məlumatına görə, bunu UN-Habitat-ın Səudiyyə Ərəbistanındakı ölkə proqramının həyat keyfiyyəti təşəbbüsünün proqramların idarə edilməsi üzrə əməkdaşı - qlobal koordinatoru Mariya de Vayn (Marija De Wijn) WUF13 çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə yaxşılaşdırılması" adlı tədbirdə bəyan edib.
Onun sözlərinə görə, təşəbbüs Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə UN-Habitat tərəfindən həyata keçirilir və artıq dünya şəhərlərində sınaqdan keçirilmiş və tətbiq edilmiş həyat keyfiyyəti indeksinin işlənib hazırlanmasına və tətbiqinə yönəlib.
"Təşəbbüsün əsas məqsədi insan mərkəzli qlobal gündəmin irəli aparılması, həmçinin inkişafın qiymətləndirilməsində ÜDM göstəricisindən kənara çıxan yanaşmanın gücləndirilməsidir", - o deyib.
O qeyd edib ki, həyat keyfiyyəti indeksi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşır və qlobal məqsədlərin yerli səviyyədə həyat şəraitinin yaxşılaşdırılmasına töhfəsini qiymətləndirməyə imkan verir.
De Vayn vurğulayıb ki, indeksin mühüm xüsusiyyəti həyat keyfiyyətinin obyektiv və subyektiv göstəricilərinin vəhdət təşkil etməsidir, çünki insanların qavrayışı rifahın qiymətləndirilməsində vacib rol oynayır.