Özbəkistan Mərkəzi Asiya irsinin qorunması üzrə layihələri BMT-də təqdim edib
- 24 oktyabr, 2026
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi BMT-nin Cenevrədəki bölməsində Mərkəzi Asiyanın elmi və mənəvi irsini, eləcə də onun öyrənilməsi, qorunması və təbliği üzrə müasir layihələri təqdim edib.
"Report" xəbər verir ki, Millətlər Sarayında diplomatları, beynəlxalq təşkilatların nümayəndələrini, alimləri və mədəniyyət xadimlərini bir araya gətirən "Sivilizasiyalar, Şəxsiyyətlər, Kəşflər" adlı sərgi və beynəlxalq elmi konfrans keçirilib.
Tədbir oktyabrın 7-də UNESCO-nun Parisdəki mənzil-qərargahında başlanmış beynəlxalq dialoqun davamı olub. Hər iki görüş Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2025-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi, İmam əl-Buxari, İmam ət-Tirmizi və İmam əl-Maturidi irsinin dərindən öyrənilməsi və dünya ictimaiyyətinə geniş şəkildə təqdim edilməsi təşəbbüsünün həyata keçirilməsi çərçivəsində baş tutub.
Konfransın elmi hissəsini onun moderatoru, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov açıb.
Proqrama üç qısametrajlı film daxil edilib: Özbəkistan və İslam sivilizasiyasının irsi haqqında, yeni nəsil muzeyi kimi İslam Sivilizasiyası Mərkəzi haqqında və İmam əl-Buxari, İmam ət-Tirmizi və İmam əl-Maturidinin irsi haqqında. Filmlər regionun tarixi irsinin öyrənilməsinə və təbliğinə müasir yanaşmaları nümayiş etdirib.
İslam Sivilizasiyası Mərkəzi "Sivilizasiyalar, Şəxsiyyətlər, Kəşflər" sərgisində nümayiş etdirilən bütün kitabları BMT-nin Cenevrədəki bölməsinin kitabxanasına hədiyyə edib.
Konfrans birgə elmi və mədəni-maarifləndirici layihələrin perspektivlərinin müzakirəsi ilə başa çatıb.
Rəsmi proqramdan sonra Millətlər Sarayında Özbəkistan mətbəxinin ənənəvi təamlarından ibarət milli qəbul təşkil olunub.
Konfransın təşkilatçıları İslam Sivilizasiyası Mərkəzi, Özbəkistan Xarici İşlər Nazirliyi, ölkənin BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Özbəkistanın Dini İşlər üzrə Komitəsi, İmam əl-Buxari, İmam ət-Tirmizi və İmam əl-Maturidi beynəlxalq elmi-tədqiqat mərkəzləri, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Mədəniyyət və İncəsənətin İnkişafı Fondu (ACDF), Müsəlmanlar İdarəsi və Özbəkistanın Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti (WOSCU) olub.