Litva WUF13-də şəhərlərin inkişafı üçün proqnozlaşdırıla bilən şəraitin yaradılmasına çağırıb

Xarici siyasət
  • 17 may, 2026
  • 11:40
Litva WUF13-də şəhərlərin inkişafı üçün proqnozlaşdırıla bilən şəraitin yaradılmasına çağırıb

Şəhərlərin inkişaf üçün proqnozlaşdırıla bilən şəraitə ehtiyacı var, mənzil sektoruna investisiyalar isə eyni zamanda mənzilin əlçatanlığını təmin etməli və iqlim dayanıqlığına töhfə verməlidir.

"Report" xəbər verir ki, bunu Litvanın Ətraf Mühit Nazirliyinin kansleri Povilas Poderskis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.

Poderskis müharibə şəraitində olan şəhərlərin problemlərinə ayrıca toxunaraq, Ukraynanın yaşayış məntəqələrindəki irimiqyaslı dağıntılara diqqət çəkib.

Onun sözlərinə görə, İrpen Ukraynanın sarsılmazlığı və bərpasının simvolu olaraq qalır, beynəlxalq dəstək isə ölkənin bərpası prosesində mühüm rol oynayır.

"İrpen Ukraynanın dözümlülük və bərpa simvolu olaraq qalır və biz Azərbaycanın onun bərpasına göstərdiyi dəstəyi alqışlayırıq. Litva dayanıqlı, həyat qabiliyyətli və insan mərkəzli şəhərlərin bərpasının dəstəklənməsinə sadiq qalır", - o bəyan edib.

Poderskis vurğulayıb ki, şəhərlərin davamlı inkişafı üçün aydın və sabit idarəetmə mexanizmləri, həmçinin öhdəliklərin icrasına səmərəli nəzarət alətləri zəruridir.

"Şəhərlər proqnozlaşdırıla bilən və əlverişli çərçivələrə malik olmalı, mənzil investisiyaları əlçatanlığı və iqlim səmərəliliyini təşviq etməli, hesabatlılıq isə ortaq olmalıdır - öhdəliklərin real nəticələrə çevrilməsi üçün vahid göstəricilər, açıq monitorinq alətləri və müntəzəm qiymətləndirmələr tətbiq edilməlidir", - Litva nümayəndəsi qeyd edib.

44 filmi