Latviyalı deputat: "Azərbaycan məhsullarının Skandinaviya bazarına çıxmasını təşviq etməyə hazırıq"

Xarici siyasət
  • 02 may, 2019
  • 10:10
Latviyalı deputat: Azərbaycan məhsullarının Skandinaviya bazarına çıxmasını təşviq etməyə hazırıq
delfi.lv

"Azərbaycan ilə Latviya arasındakı iqtisadi, mədəni və idman əlaqələri müsbət dinamikaya malikdir".

Bunu “Report”un Avropa bürosuna latviyalı deputat Vitaliy Orlov deyib.

O bildirib ki, bu, iki ölkə arasındakı rəsmi münasibətlərə və zəngin təcrübəyə əsaslanaraq hər iki tərəfdə uğurla dəstəklənir.

“Əməkdaşlığı daha da artırmaq üçün geniş imkanlar var, iqtisadi əməkdaşlığımız ildən ilə genişlənir. Bu baxımdan müsbət nümunə kimi, Riqa – Bakı xəttində 2016-cı ildən “Azərbaycan Hava Yolları” və Latviyanın “AirBaltic” şirkəti tərəfindən yerinə yetirilən birbaşa uçuşları göstərmək olar. Elm sahəsində Azərbaycan gənclərinin Latviyada təhsil almağa meylini misal gətirə bilərik. Belə ki, hazırda Latviyada 100-dən çox azərbaycanlı tələbə oxuyur. Burada rəqabətcil təhsil, həmçinin əlavə biliklər və vərdişlər almaq imkanı var, diplomlarımız bütün Avropada tanınır”, – latviyalı millət vəkili söyləyib. 

V.Orlov ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində bir çox mədəni tədbirlərin də keçirildiyini diqqətə çatdırıb: “Məsələn, Azərbaycanda Latviya Mədəniyyəti Günləri, “Azərbaycanlı fotoqrafların gözündə Latviya – latviyalı fotoqrafların gözündə Azərbaycan” layihəsini qeyd edə bilərəm. Həmçinin Bakı klubu tərəfindən Latviyada keçirilən “Nə, harada, nə vaxt?” və “Azərbaycan bayrağı” festivalları da xoş ənənəyə çevrilib.

Deputat Azərbaycanın yerləşdiyi mürəkkəb regionda tarazlı xarici siyasət yeritməsinin, mənafeyini müdafiə etməsinin, qonşuları ilə mehriban münasibət qurmasının Latviya parlamentində yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

“Baltik regionunun mərkəzində yerləşən Latviya Azərbaycan məhsullarının Skandinaviya bazarına çıxmasını təşviq etməyə hazırdır. Həmçinin Baltik Assambleyası ilə Azərbaycanın fəal üzvü olduğu GUAM arasındakı tərəfdaşlıq əlaqələri çərçivəsində də Latviya ilə Azərbaycanın əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Ölkələrimizin vətəndaşları tərəfindən qarşı tərəfin mədəniyyət və sənətinə göstərilən maraq də aradakı münasibətlərə əlavə təkan verir”, – latviyalı millət vəkili fikrini yekunlaşdırıb.

44 - Tezliklə