Zelenski: "PAC-2" və "PAC-3" raket əleyhinə sistemlər artıq Yaxın Şərqə verilir, biz prioritet deyilik
- 16 oktyabr, 2026
- 17:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna "Patriot" HHM sistemləri üçün raket əleyhinə sistemlərə ehtiyac duyur, çünki son vaxtlar "PAC-2" və "PAC-3" tədarüklərinin əhəmiyyətli hissəsi Yaxın Şərqə yönəldilir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Hazırda böyük ehtiyac var. "PAC-2", PAC-3-lərin əksəriyyəti artıq uzun müddətdir ki, Yaxın Şərqə verilir. Biz onların ayrılması üzrə bir nömrəli prioritet deyilik", - Ukrayna Prezidenti söyləyib.
Onun sözlərinə görə, ölkə ABŞ raketlərini Avropa ölkələri tərəfindən maliyyələşdirilən PURL proqramı çərçivəsində alır, həmçinin başqa dövlətlərdən satın alma imkanlarını axtarır. Kiyev qış mövsümündə enerji infrastrukturunu qorumaq üçün Avropa tərəfdaşlarından raket əleyhinə əlavə sistemlər almağa ümid edir.
V.Zelenski vurğulayıb ki, Ukrayna "Starlink"dən yalnız pilotsuz uçuş aparatlarını idarə etmək üçün deyil, həm də daimi hücum təhlükəsi altında olan mövqelərdəki hərbçilərə qida və su çatdırmaq üçün istifadə edir.
Onun sözlərinə görə, Ukraynada "Starlink"in iş sürəti tədricən bərpa olunur, lakin hələ ki, əvvəlki səviyyəyə qayıtmayıb. V.Zelenski əlavə edib ki, Kiyev mövcud peyk rabitəsi imkanlarını genişləndirmək üçün Fransa və digər ölkələrlə əməkdaşlıq edir.
Kəşfiyyat məlumatlarının mübadiləsindən danışan Prezident qeyd edib ki, Ukrayna onlarla ölkədən məlumat alır, lakin ballistik raketlərin buraxılışları barədə məlumatı əvvəlki kimi ABŞ təqdim edir.
"Biz Ukraynanın maksimum dərəcədə müstəqil olması üçün bütün imkanlar üzərində işləyirik", - Zelenski bildirib.