Karen Donfrid: “Kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında danışıqların vacib hissəsidir”
- 16 iyun, 2022
- 15:02
Yeniliklərdən dərhal xəbərdar olun!
“ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür”.
“Report”un məlumatına görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.
Jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını şərh edən ABŞ dövlət katibinin köməkçisi deyib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında müxtəlif elementlər var. Bu elementlərdən birinə tranzit və kommunikasiya xətləri ilə bağlı məsələ daxildir və bu, danışıqların mühüm tərkib hissəsidir: "Təbii ki, bu məsələ mənim səfərim zamanı müzakirə olunan mövzulardan biri idi. ABŞ tranzit və kommunikasiya xətləri ilə bağlı geniş spektrli məsələlərdə yardım göstərə bilər. Hesab edirəm ki, bu, sülh prosesinin vacib hissəsidir və biz, əlbəttə ki, hər iki tərəfdən irəliləyişin olacağına ümid edirik”.
O, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən və Cənubi Qafqazın inkişafında Azərbaycanın yeri ilə bağlı müzakirələrdən danışıb.
“Prezident İlham Əliyev Cənubi Qafqazı dinc inkişafda görür. ABŞ burada davamlı sülhə nail olmaq üçün region ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir”, - Dövlət katibinin köməkçisi vurğulayıb.
K.Donfridin sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti ilə qarşılıqlı əlaqədədir.
Dövlət katibinin köməkçisi regiona səfəri çərçivəsində bu müzakirələri digər region ölkələri ilə də davam etdirəcək.
“Əgər biz burada əməkdaşlığı gücləndirə bilsək, bu, regionun çiçəklənməsinə gətirib çıxaracaq”, - o deyib.