Kaleb Orr: Vaşinqton Bakı ilə enerji tərəfdaşlığının genişləndirilməsinə ümid edir
- 02 iyun, 2026
- 18:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan dünyanın ən mühüm enerji resursları istehsalçılarından biridir və Birləşmiş Ştatlar bu tərəfdaşlıqdan böyük fayda əldə edir.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"Hesab edirik ki, bu gün Azərbaycan dünyanın ən mühüm enerji resursları istehsalçılarından biridir və Birləşmiş Ştatlar bu tərəfdaşlıqdan əhəmiyyətli faydalar əldə edir. Yaxın illərdə bu münasibətlərin xeyli genişlənəcəyini və möhkəmlənəcəyini gözləyirik", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan-ABŞ iqtisadi dialoqunun məqsədi iki ölkənin iqtisadi təşəbbüslərini birləşdirmək, onların həyata keçirilməsi üçün plan hazırlamaq və praktiki nəticələr əldə etməkdir.
O bildirib ki, hazırda Vaşinqton enerji sahəsində bir sıra yeni təkliflər üzərində işləyir və artıq mövcud olan investisiya əməkdaşlığını genişləndirmək niyyətindədir.
Xüsusilə Bakı Enerji Həftəsi çərçivəsində ABŞ nümayəndə heyəti "ExxonMobil" ilə görüş keçirib. Orr xatırladıb ki, ötən il şirkət Azərbaycanda yeni geoloji-kəşfiyyat işlərinə dair Anlaşma Memorandumu imzalayıb.
"Birləşmiş Ştatlar Azərbaycanın inşa etdiyi boru kəməri və digər enerji infrastrukturunun inkişafında daha mühüm rol oynamağa çalışır", - o qeyd edib.
Bundan başqa, Vaşinqton Azərbaycanın Orta Dəhlizin əsas tranzit qovşağı kimi rolunun gücləndirilməsinə töhfə verməyi planlaşdırır.
"Biz gözləyirik ki, Prezident Trampın TRIPP təşəbbüsü sayəsində enerji resurslarının Avropaya və dünyanın digər regionlarına tranziti üçün Orta Dəhlizin mərkəzi qovşağı kimi rolunu möhkəmləndirməkdə Azərbaycana kömək edə biləcəyik", - Orr bəyan edib.