Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən yükdaşımalar 90 % artıb

Xarici siyasət
  • 18 fevral, 2026
  • 12:56
Javlon Vahabov: Üç il ərzində Orta Dəhlizlə Azərbaycan ərazisindən yükdaşımalar 90 % artıb

Son üç ildə Orta Dəhlizlə Azərbaycan ərazisindən yükdaşımalar 90 % artıb.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Mərkəzi Asiya İnstitutunun direktoru Javlon Vahabov "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf" mövzusunda panel sessiyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2025-ci il ərzində Azərbaycanla Özbəkistan arasında ikitərəfli ticarətin həcmi də təxminən 90 % artıb.

"Azərbaycan Cənubi Qafqazda Özbəkistanın yüksək səviyyədə etibarlı münasibətlər qurduğu ilk ölkə olub və ikitərəfli dialoq statusu müttəfiqlik münasibətləri səviyyəsinə çatdırılıb. Bu baxımdan Azərbaycan Rusiya və Qazaxıstanla bərabər üçlüyü tamamlayır", - o qeyd edib.

Türkmənistan XİN yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev isə qeyd edib ki, Orta Dəhlizin inkişafı ilə Xəzər dənizi təbii maneə olmaqdan çıxaraq yük axınının idarə edilməsinin əsas prioritet olduğu birləşdirici həlqəyə çevrilir.

"Səylərin sıx koordinasiyası Türkiyə vasitəsilə Avropaya ən qısa yol açan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yeni nəfəs verməyə imkan yaradır", - Şiriyev qeyd edib.

O əlavə edib ki, Azərbaycanın C5 formatına qoşulması karbohidrogen enerji mənbələrinin bərpa olunan enerji ilə birgə mövcud olduğu qapalı və dayanıqlı sistem qurmağa imkan verir. "Belə sinerji regionun daxili ehtiyaclarını ödəməklə yanaşı, həm də xarici bazarlara enerji tədarükünü təmin etməyə imkan yaradır", - o vurğulayıb.

44 - Tezliklə