İsveçdə şəhərlərin inklüziv inkişafı üçün "HerCity Sweden" platforması yaradılır
- 20 may, 2026
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir çox müasir şəhərlərdə qadınların, qızların və əhalinin sosial cəhətdən həssas qruplarının ehtiyacları hələ də kifayət qədər nəzərə alınmır ki, bu da onların şəhər həyatında iştirakını və əsas xidmətlərə çıxışını məhdudlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Stokholmun sabiq meri, İsveçin "Arwidsson Foundation" xeyriyyə fondunun baş direktoru Anna Köniq Yerlmyur Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Bu gün çox az şəhər qadınların, qızların və marginallaşmış qrupların ehtiyacları nəzərə alınmaqla planlaşdırılır. Bunun nəticələri göz qabağındadır: xidmətlərə məhdud çıxış, daha aşağı təhlükəsizlik hissi və şəhər həyatında məhdud iştirak", - o qeyd edib.
K.Yerlmyur sözlərinə görə, bununla əlaqədar olaraq UN-Habitat və "Shared City Foundation"ın təşəbbüsü ilə "HerCity" layihəsi yaradılıb.
O izah edib ki, layihə qadınların şəhər mühitinin layihələndirilməsi prosesinə cəlb edilməsinə əsaslanan inklüziv şəhər planlaşdırılmasının praktik və çevik metodologiyasını təklif edir: "Təşəbbüsün əsas gücü onun adaptivliyindədir. Metodologiya artıq ən müxtəlif şəraitlərdə - Mozambik və Ukraynadan tutmuş İsveçə qədər tətbiq edilib. O, rəqəmsal alətləri, təlimi, iştirak metodlarını və real şəhər müdaxilələrini özündə birləşdirir".
K.Yerlmyur həmçinin bildirib ki, hazırda İsveçdə "Arwidsson Foundation"ın dəstəyi ilə bələdiyyələri, özəl sektoru, vətəndaş cəmiyyətini və akademik dairələri birləşdirən "HerCity Sweden" milli platforması yaradılır.