İspaniyalı ekspert: Bir sıra Qərb KİV-ləri Cənubi Qafqazda sülh prosesinə zərər vurur

Xarici siyasət
  • 09 fevral, 2026
  • 16:09
İspaniyalı ekspert: Bir sıra Qərb KİV-ləri Cənubi Qafqazda sülh prosesinə zərər vurur

Otuz illik münaqişədən sonra Azərbaycan və Ermənistan hərtərəfli sülh sazişinin bağlanmasına yaxınlaşıb, lakin əldə edilmiş irəliləyiş fonunda Qərb KİV-lərində nizamlanma prosesini pozmağa yönəlmiş daha çox təxribatçı məqalələr meydana çıxır.

"Report" xəbər verir ki, bu barədə La-Rioxa Beynəlxalq Universitetinin hüquq professoru Karlos Uriarte Sançesin "The Diplomat in Spain" nəşri üçün məqaləsində bildirilib.

Müəllifin sözlərinə görə, 2020-ci ildə münaqişənin hərbi mərhələsinin başa çatmasından və 2023-cü ilin sentyabrında Qarabağda separatçı rejimin tam ləğvindən sonra Bakı və İrəvan ardıcıl olaraq sülh razılaşmasına doğru irəliləyirlər.

"Vasitəçilərin iştirakı ilə keçirilən dolayı danışıqlar artıq tərəflərin birbaşa dialoquna keçidlə nəticələnib. Hər iki hökumət münaqişə mərhələsini bağlamaq niyyətini açıq şəkildə bəyan edib. Lakin məhz bu anda, sülh prosesinin kövrək, lakin real olduğu bir vaxtda, bəzi Qərb KİV-ləri tərəfindən nə tarixi, nə də hüquqi əsası olmayan ittihamlar dalğası yayılır", - U.Sançes qeyd edib.

Professor vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişənin özəyi mücərrəd ərazi mübahisəsi deyil, Azərbaycan torpaqlarının uzunmüddətli işğalı olub.

O xatırladıb ki, 2025-ci ilin martında Bakı və İrəvan sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatdığını elan edib, bunun çərçivəsində Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanıyıb.

"ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqustunda hər iki ölkə münasibətlərin normallaşmasına sadiqliyi təsdiqləyən Birgə Bəyannamə imzalayıb, həmçinin sülh sazişinin mətnini paraflayıb. Bundan sonra qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə praktiki tədbirlər razılaşdırıldı", - müəllif vurğulayıb. O əlavə edib ki, söhbət simvolik jestlərdən deyil, qarşıdurma məntiqinin dinc yanaşı yaşama məntiqi ilə əvəzlənməsinin real əlamətlərindən gedir.

Eyni zamanda, onun sözlərinə görə, bu fonunda bir sıra Qərb KİV-lərində, o cümlədən İspaniya mətbuatında faktiki reallıqdan getdikcə daha çox uzaqlaşan narrativlər yayılır. Xüsusilə, "El País" kimi nəşrlərin məqalələrində Azərbaycan guya "etnik təmizləmə" və "qəsdən sabitliyi pozmaq"da ittiham olunur.

U.Sançes vurğulayıb ki, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra "etnik təmizləmə" iddialarının beynəlxalq qiymətləndirmələrdə təsdiqi tapılmayıb. 2023-cü ilin sentyabrından sonra regiona baş çəkən BMT missiyası bu cür ittihamlara dair sübutlar aşkarlamayıb. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ilin sentyabrında Qarabağda mülki əhali üçün birbaşa təhlükənin olmadığını bəyan edib.

"Ermənistan parlament seçkilərinə doğru irəliləyir - ənənəvi olaraq daxili qütbləşməni gücləndirən dövr. Rusiyayönümlü müxalifət qüvvələri açıq şəkildə sülh prosesini rədd ediblər, Azərbaycanla normallaşmanı kapituliyasiya kimi təqdim edərək, əldə olunmuş razılaşmaların ləğvini tələb edirlər. Azərbaycanı daim düşmən tərəf kimi təsvir edən xarici narrativlər Ermənistanda sərt mövqeləri gücləndirir və sülhə yönəlmiş islahatçı qüvvələri zəiflədir, beləliklə dolayısı ilə Kremlin maraqlarına xidmət edir", - o qeyd edib.

Məqalədə, həmçinin vurğulanıb ki, Cənubi Qafqazda davamlı sülh həm enerji təhlükəsizliyi baxımından, həm də Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında nəqliyyat dəhlizlərinin inkişafı kontekstində Avropa üçün strateji əhəmiyyət daşıyır.

"Əgər Qərb ölkələri həqiqətən regionda uzunmüddətli sülhə nail olmağa çalışırlarsa, onlar yoxlanmış faktlara əsaslanmalı, vasitəçilik səylərinə dəstək verməli və tərəflərin mövqelərini uzaqlaşdıran ritorikadan qaçmalıdırlar. Otuz illik düşmənçilikdən sonra Ermənistan və Azərbaycan sülhə doğru irəliləyirlər. Bu proses ölçülüb-biçilmiş dəstəyə layiqdir. Reallığın təhrifi yolverilməzdir və regionun yekun sülhü, sabitliyi və inkişafı üçün ciddi nəticələrə səbəb ola bilər. Mərkəzi Asiya və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi enerji sahəsində strateji muxtariyyət kontekstində Avropa üçün həyati əhəmiyyət daşıyır. İspaniya da Avropa siyasətini müdafiə edərək buna kömək etməlidir", - müəllif vurğulayıb.

44 - Tezliklə