İlham Əliyev: Qlobal Bakı Forumu dünyanın aparıcı forumları ilə bir sırada dayanır
- 12 mart, 2026
- 10:14
Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır və dünyanın aparıcı forumları ilə bir sırada dayanır.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.
Onun sözlərinə görə, forum hər il böyük beynəlxalq təcrübəyə malik iştirakçıları - prezidentləri, baş nazirləri, parlament sədrlərini, tanınmış ictimai xadimləri, diplomatları, biznes icmasının və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir.
Dövlət başçısı qeyd edib ki, iştirakçılar geniş spektrli məsələləri müzakirə edir, fikir və təcrübə mübadiləsi aparır, həmçinin insanların təhlükəsizliyinin və rifahının artırılmasına yönəlmiş ideyalar irəli sürürlər: "Bu ilki forumun gündəliyi çox genişdir və çoxsaylı məsələləri əhatə edir. Lakin, şübhəsiz, əminəm ki, müzakirələr zamanı regionumuzda və dünyada mövcud vəziyyətə xüsusi diqqət yetiriləcək".
İlham Əliyev, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə fəaliyyəti boyunca uzun illər ərzində nümayiş etdirdikləri görkəmli işə və forumun təşkilinə görə minnətdarlığını ifadə edib: "Mən il ərzində - bir Qlobal Forumdan digərinə qədər - Mərkəzin fəaliyyətini diqqətlə izləyirəm və görürəm ki, işin miqyası artır, qarşılıqlı əməkdaşlıq çox fəal olur, dəyişən beynəlxalq vəziyyətdə yeni yanaşmaların hazırlanmasına töhfə həqiqətən yüksək qiymətə layiqdir".