"Fondation Botnar" WUF13-də gəncləri şəhər inkişafında həllərin həmmüəllifi olmağa çağırıb
- 19 may, 2026
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənc nəsil dayanıqlı şəhərlərin formalaşması prosesində sadəcə iştirakçı kimi deyil, həllərin tamhüquqlu həmmüəllifi kimi çıxış etməlidir.
"Report" xəbər verir ki, bu barədə "Fondation Botnar" xeyriyyə təşkilatının şəhərlər üzrə portfel rəhbəri Sussana Hausman (Sussana Haussmann) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Təhlükəsiz və dayanıqlı şəhərlər üçün gənclərin liderliyi" tədbirində bildirib.
Onun sözlərinə görə, fondun fəaliyyəti gənclərin rifahının təmin edilməsinə və onların şəhər inkişafı proseslərinə fəal şəkildə cəlb olunmasına kömək etməyə yönəlib.
S.Haussman bildirib ki, fond dünyanın müxtəlif yerlərində, o cümlədən Afrika qitəsində, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində şəhər mühitinin təkmilləşdirilməsinə və gənc nəslin bu proseslərə cəlb olunmasına yönəlmiş təşəbbüslərə dəstək verərək layihələr həyata keçirir: "Gənclərin rifahı onların qərar qəbuletmə proseslərində güclü iştirakı ilə müşayiət olunmalıdır".
S.Haussman vurğulayıb ki, gənclər öz şəhərlərinin vəziyyəti barədə unikal biliklərə malikdirlər və fikirlərinin ciddi qəbul edilməsi və qarşılıq tapması şərtilə onların inkişafına əhəmiyyətli töhfə verə bilərlər.