Fərid Şəfiyev: CAMCA regionunun geosiyasi landşaftı II Qarabağ müharibəsindən sonra dəyişib
- 01 oktyabr, 2026
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
CAMCA ("Central Asia, Mongolia, Caucasus and Afghanistan") regionunda sabitlik qorunur, regionun geosiyasi landşaftı İkinci Qarabağ müharibəsindən sonra əsaslı şəkildə dəyişib.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda deyib.
O qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan arasında dörd əsas istiqaməti əhatə edən sülh prosesi müşahidə olunur:
"Birincisi - sülh sazişidir. İkincisi - sərhədin delimitasiyası. Üçüncüsü - TRIPP ( Tramp Marşrutu - red.), yəni nəqliyyat əlaqələrinin inkişafı. Dördüncüsü - vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulmasıdır. Müəyyən çətinliklərə baxmayaraq, bütövlükdə müsbət dinamika qorunur".
İdarə heyəti sədrinin sözlərinə görə, Gürcüstanın iştirakı olmadan Cənubi Qafqazda davamlı sülh qurmaq mümkün deyil.
O, həmçinin qeyd edib ki, Gürcüstan və Avropa İttifaqı arasında mövcud fikir ayrılıqlarına və digər problemlərə baxmayaraq, azad ölkələrin birgə siyasi və iqtisadi əməkdaşlıq üzrə müəyyən bir platforma formalaşdırması Cənubi Qafqaz üçün vacibdir.