Əfqanıstanlı fəal və Fələstin QHT-si "Zayed Mükafatı"na layiq görülüb

Xarici siyasət
  • 04 fevral, 2026
  • 18:35
Əfqanıstanlı fəal və Fələstin QHT-si Zayed Mükafatına layiq görülüb

2026-cı il "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatları arasında əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı, eyni zamanda, Fələstinin "Taavon" qeyri-hökumət təşkilatı (QHT) da yer alıb.

Bu barədə "Report"un Əbu-Dabiyə ezam olunmuş müxbiri məlumat verib.

Mərasimdə çıxış edən Z.Yaftali mükafatı cəsarətli əfqan qadınlarına, o cümlədən öz anasına həsr etdiyini vurğulayıb.

"Bu mükafat mənim öz anam kimi ən ağır vaxtlarda belə öz uşaqları üçün ümid işığını qoruyan analara məxsusdur", - Yaftalı bildirib.

Öz növbəsində, "Taavon"un nümayəndəsi Nabil Qaddumi vurğulayıb ki, təşkilat yarandığı vaxtdan etibarən inkişafa hərtərəfli və uzunmüddətli yanaşmaya sadiq qalıb, layiqli həyatın yalnız təhsil, səhiyyə və mədəniyyət sahələrində davamlı və çoxtərəfli proqramlar vasitəsilə mümkün olduğuna inam nümayiş etdirib.

"Mükafatın təşkilatçılarına təşəkkür edirik. Bu mükafat Fələstindəki humanitar problemlərə daha çox diqqətin cəlb edilməsinə kömək edir", - Qaddumi bildirib.