Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 14:35
Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk

Rəsmi Bakı Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndirir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də Bakıda italiyalı həmkarı Antonio Tayani ilə brifinqdə deyib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində iki ölkə tərəfindən paraflanıb.

"Saziş ictimaiyyət üçün açıqdır, dərc edilib. Azərbaycan tərəfinin mövqeyi həm o zaman, həm də indi açıqdır. Azərbaycan tərəfi sənədə son imzanı bir şərtlə qoymağa hazırdır ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın. Bunun nə zaman baş verməsi isə sırf Ermənistanın daxili işidir. Zaman elə gətirdi ki, bəli, bu gün bu istiqamətdə irəliləyiş gördük. Baş nazir Paşinyan yeni Konstitusiya mətnini açıqladı. Mən bu layihə ilə bağlı şərh vermək istəmirəm. Yenə də deyirəm, bu, onların daxili işidir. Bizi tək maraqlandıran odur ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiası olmasın. Yeni layihədə görünür ki, bu müddəa yoxdur və biz bunu müsbət qiymətləndiririk".

Ceyhun Bayramov bildirib ki, Ermənistan daxilində konstitusiya prosesinin nə zaman başa çatacağı bu ölkənin rəhbərliyindən və cəmiyyətindən asılıdır:

"Bu məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması qarşısında əlavə maneə qalmayacaq".