Ceyhun Bayramov Əlcəzair Prezidenti ilə beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edib - YENİLƏNİB
- 05 noyabr, 2025
- 01:00
4 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdülməcid Təbbun tərəfindən qəbul olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Əlcəzair arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əlcəzair Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfəri məmnunluqla xatırlayaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi, təhsil və humanitar, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub.
Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Rüspublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin imzalanması münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirilib.
Tərəflər həmçinin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Ölkəmizin bir sıra beynəlxalq platformalarda sədrliyi və ev sahibliyi dövründə irəli sürülmüş təşəbbüslərin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub.
Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, post-münaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və sabitliyin təsis edilməsi vizionu, bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.
Görüş zamanı bir sıra digər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında paylaşım edib.
Qeyd olunub ki, tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya və enerji sahəsində əməkdaşlığın təşviqi, eləcə də iki ölkənin biznes dairələri arasında qarşılıqlı əlaqələrin artırılması məsələlərini əhatə edib.
Hər iki tərəf Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da daxil olmaqla, regional və beynəlxalq əhəmiyyət kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.