Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır
- 27 noyabr, 2026
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyinin irəli sürülməsinə razıdır.
"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.
"İsveçrənin ATƏT-də sədrliyi dekabrın 31-də bitir. Növbəti sədr barədə müzakirələr gedir, müxtəlif təkliflər irəli sürülür. ATƏT məkanında kifayət qədər gərgin mühitin olmasını nəzərə alsaq, hər kəs üçün məqbul tərəfin namizədliyinin irəli sürülməsi hələlik mümkün olmayıb".
Nazir qeyd edib ki, Azərbaycanın bütün bu müddət ərzində mövqeyi ondan ibarət idi ki, rəsmi Bakı istənilən konsensuslu namizədi dəstəkləməyə hazır idi və Azərbaycan bu istiqamətdə hər hansı bir fəallıq da göstərməyib:
"Ancaq nəzərə alsaq ki, 3–4 dekabr tarixində İsveçrənin Luqano şəhərində nazirlərin toplantısı keçiriləcək, artıq vaxt azalır və həm fəaliyyətdə olan sədr, həm digər iştirakçılar bəlli bir vaxt sıxıntısı hesab edirlər. Son həftələr ərzində daha intensiv məsləhətləşmələr başlanıldı və başqa alternativ təkliflər masa üzərinə gəldi. Həmin o alternativ təkliflər sırasında, o cümlədən ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər və bizim buna münasibətimiz nədən ibarətdir".
C. Bayramov bildirib ki, yeni bir yanaşma da bu son həftələrin diskussiyalarında ondan ibarət oldu ki, artıq bu konsensusu əldə etmək üçün, ola bilsin ki, bir prosesi asanlaşdırmaq üçün bu konkret bir il üçün deyil, 2027, 2028, 2029-cu illər üçün bir paket şəklində ölkələr müəyyən edilsin, təklif edilsin və bu paket ətrafında çalışıb konsensus formalaşdırmaq mümkün olsun:
"Həmin o paket daxilində bizə də təklif olundu və biz münasibətimizi bildirdik ki, yəni Azərbaycan bu kifayət qədər mürəkkəb durumu nəzərə alaraq öz müsbət töhfəsini təşkilatın gələcəyinə verməyə hazırdır. Hətta onu da qeyd edərəm ki, bu paket kontekstində ilkin təklif Azərbaycana oldu. Daha sonra bəzi fikirlər də əlavə edildi, o cümlədən məsəl üçün Ermənistanın da olması və paket daxilində həm Azərbaycan, həm Ermənistan".
XİN rəhbəri xatırladıb ki, bu iki ölkə uzun müddət ərzində münaqişə vəziyyətində olub, uzun illər ərzində nə Azərbaycanın, nə Ermənistanın ATƏT sədrliyi kontekstində namizədliyi müzakirə belə olunmurdu, çünki aydın idi ki, bu ölkələr bir-biri üçün qəbuledilməz idilər.
"Ona görə belə diskussiyalar da yox idi. Bəli, hal-hazırda belə bir paket kontekstində ölkəmizin də adı var. Biz ümumilikdə buna, yəni konsensusa nail olunduğu təqdirdə müsbət yanaşırıq. Qeyd etdiyiniz məsləhətləşmələr, onlar kifayət qədər intensiv şəkildə davam edir".