Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) — qlobal və regional təhlükəsizliyin təmin edilməsində, eləcə də Avrasiya məkanında sülh, sabitlik və demokratiya dəyərlərinin təşviqində mühüm rol oynayan dünyanın ən iri regional təhlükəsizlik təşkilatıdır. Soyuq müharibə dövründə – 1975-ci ildə Helsinkidə imzalanmış Yekun Aktı ilə "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi" (ATM) kimi fəaliyyətə başlayan bu qurum, 1994-cü ildən etibarən ATƏT adlandırılmışdır. Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında etimad mühitinin yaradılması, sərhədlərin toxunulmazlığı, insan hüquqlarının qorunması, hərbi-siyasi sabitlik və iqtisadi-ekoloji əməkdaşlığın inkişaf etdirilməsidir.
ATƏT öz fəaliyyətini üç əsas istiqamət – hərbi-siyasi, iqtisadi-ekoloji və insan ölçüsü üzrə həyata keçirir. Təşkilatın tərkibində fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Milli Azlıqlar üzrə Ali Komissar və Media Azadlığı üzrə Nümayəndə kimi qurumlar demokratiya standartlarının tətbiqinə və fundamental hüquqların qorunmasına nəzarət edirlər. Eyni zamanda, ATƏT-in Parlament Assambleyası üzv ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın gücləndirilməsində və parlament diplomatiyasının həyata keçirilməsində mühüm platformadır.
Azərbaycan Respublikası ATƏT-ə 1992-ci ildən üzv olmuşdur. Ölkəmiz üçün təşkilat tarixi olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində tanınmışdır – uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli üçün məhz ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirmişdir. Lakin post-konflikt dövründə vəziyyətin kökündən dəyişməsi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə əlaqədar olaraq ölkəmizdə ATƏT-in keçmiş formatlarının ləğv edilməsi və regional reallıqlara uyğun yeni əməkdaşlıq mexanizmlərinin tətbiqi zərurəti aktuallaşmışdır.
Müasir geosiyasi reallıqlarda ATƏT qlobal təhlükəsizlik memarlığının mühüm müzakirə platforması olaraq qalır. Təşkilat böhranların qarşısının alınması, münaqişələrin post-konflikt bərpası, seçkilərin monitorinqi və transsəhdər təhdidlərə (terrorizm, kiber cinayətkarlıq, sərhəd təhlükəsizliyi) qarşı mübarizə sahələrində səylərini davam etdirir.
Bu tematik bölmədə ATƏT-in fəaliyyətinə, Azərbaycanla əlaqələrinə, təşkilatın qəbul etdiyi bəyanatlara, hesabatlara, seçki müşahidə missiyalarının rəylərinə və regional təhlükəsizlik məsələlərinə dair ən son xəbərlər və analitik materiallar toplanmışdır.