Abbas Abbasov: Bakıda yaxın vaxtlarda Qlobal Cənub Gənclər Platformasının ilk rəsmi görüşü olacaq

Xarici siyasət
  • 19 may, 2026
  • 10:47
Abbas Abbasov: Bakıda yaxın vaxtlarda Qlobal Cənub Gənclər Platformasının ilk rəsmi görüşü olacaq

Bakı Təşəbbüs Qrupu kolonial və neokolonial siyasətlərin törətdiyi fəsadlar və böhranlar üzrə proqramlar çərçivəsində müxtəlif beynəlxalq layihələr həyata keçirir.

Bunu "Report"a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) İcracı direktoru Abbas Abbasov deyib.

Onun sözlərinə görə, analoji layihələr 2019-cu ildən etibarən həyata keçirilir:

"Bu gün isə Dünya Urbanizasiya Forumu çərçivəsində baş tutan tədbirimiz kolonial ədalətsizlik və mənzil böhranına həsr olunub. Biz beynəlxalq təşkilatların gündəmində kolonial siyasətlərin müxtəlif sahələrdə yaratdığı vəziyyət haqqında hesabatlar hazırlayıb təqdim edirik və bundan sonra da bu fəaliyyəti davam etdirəcəyik. Sabahkı tədbirimiz isə gənclərin urbanizasiyadakı roluna həsr olunub".

A.Abbasov qeyd edib ki, Bakıda yaxın vaxtlarda Qlobal Cənub Gənclər Platformasının ilk rəsmi görüşü baş tutacaq:

"Hazırda əsas diqqət bu iki tədbirin hazırlığına yönəlib. Dünya ictimaiyyəti əsasən kolonial və neokolonial siyasətlər deyəndə daha çox siyasi fəsadlara və böhranlara fokuslanır. Halbuki kolonializmin həm iqtisadi, həm mədəni, həm dini, həm də ətraf mühitə vurduğu zərərlər var. Urbanizasiya kontekstində qeyd olunan mənzil böhranı isə bu fəsadları yaradan əsas elementlərdən biridir".