Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir
- 05 noyabr, 2026
- 16:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvanın günəş enerjisi və turizm üçün böyük potensiala malik olduğunu bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, səfir bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, ölkəsinin Azərbaycan və xüsusilə, Naxçıvan MR ilə əməkdaşlığının dörd əsas - infrastruktur, yaşıl enerji, turizm və kənd təsərrüfatı - istiqamətinin olduğunu vurğulayıb.
Dunkan Norman dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə olunması və siqnalizasiya sistemləri sahəsində Britaniya təcrübəsindən istifadə imkanlarının müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, ildə təxminən 250 gün günəşli olan Naxçıvan günəş enerjisi üçün əlverişli məkandır. Səfir həmçinin bölgənin mühüm turizm mərkəzinə çevrilə biləcəyini qeyd edib.
O bildirib ki, Britaniyanın Chapman Taylor şirkəti Naxçıvan şəhərinin 20 illik Baş Planını hazırlayacaq. Bu, iki ölkə arasında əməkdaşlığın nümunələrindən biridir.
Səfir "Chevening" təqaüd proqramının imkanlarının genişləndirilməsinin nəzərdən keçirildiyini, gələn il tam maliyyələşdirilən tələbələrin sayının artırılmasının gözlənildiyini də bildirib.
Duncan Norman Azərbaycan-Ermənistan sülh prosesinin region üçün əhəmiyyətini vurğulayaraq, Böyük Britaniyanın bu prosesi dəstəkləməyə hazır olduğunu deyib.
O, həmçinin Azərbaycanla Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini arzuladığını bildirib.
YENİLƏNİR