Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib

Biznes
  • 28 oktyabr, 2026
  • 21:16
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib.

Bu barədə "Report"a Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.

İclasda rəqabət siyasəti üzrə aktual məsələlər müzakirə olunub və növbəti gün baş tutacaq MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında nəzərdən keçiriləcək mövzular üzrə fikir mübadiləsi aparılıb.

Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini – dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi ilə çıxış ediblər.

Çıxışlar zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi mühüm sektorlarda antiinhisar nəzarətinin gücləndirilməsi, həmçinin birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub. Eyni zamanda, qərargahın fəaliyyətinin yeni istiqamətləri və dövlətlərarası əməkdaşlığın inkişafı üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qərarı ilə yaradılıb. Qərargahın əsas məqsədi MDB məkanında transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətəzidd davranışlarının birgə araşdırılmasını təmin etmək, rəqabət qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasına töhfə vermək və üzv dövlətlərin rəqabət orqanları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.

44 filmi