BMT nümayəndəsi: İordaniya qaçqın qəbul edən ölkə kimi tanınır

Xarici siyasət
  • 19 may, 2026
  • 11:11
BMT nümayəndəsi: İordaniya qaçqın qəbul edən ölkə kimi tanınır

İordaniya tarixən qonşu ölkələrdə böhranlar baş verdikdən sonra qaçqın qəbul edən ölkə kimi tanınıb.

Bunu "Report"a BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, İordaniya Kosmik Tədqiqatlar Təşəbbüsü (JSRI) Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində (WUF13) açıqlamasında deyib.

Şəhərsalma üzrə mütəxəssis olan M. Alzurikat qeyd edib ki, Bakı Təşəbbüs Qrupu kolonial ədalətsizlik və bunun dünyada mənzil çatışmazlığına təsiri barədə danışmaq üçün onu Bakıya dəvət edib:

"İordaniyadan gəldiyim üçün orada kolonial təsirlərlə bağlı ciddi problemlər mövcuddur. Bu problemlər əsasən ictimai xidmətlərin və mənzil sektorunun özəlləşdirilməsi ilə bağlıdır. Bunun nəticəsində sosial səviyyədə bir çox çətinliklər yaranır. İnsanlar, xüsusilə də gənc nəsil ev almağa və ya kirayələməyə çətinlik çəkir. Eyni zamanda onlar iş tapmaq və kifayət qədər gəlir əldə etmək baxımından da problemlərlə üzləşirlər".

BMT nümayəndəsi qeyd edib ki, ölkəsi tarixən qonşu ölkələrdə böhranlar baş verdikdən sonra qaçqın qəbul edən ölkə kimi tanınıb:

"Bu isə mənzilin insanlara yalnız sığınacaq deyil, həm də ləyaqətli həyat şəraiti təmin etməsi məsələsini gündəmə gətirir. İnsanların əsas hüquqlarını itirmədən layiqli şəraitdə yaşaması çox vacibdir. Mənim burada danışdığım və bu gün müzakirə etdiyimiz məsələlər bunlardır. Ümid edirəm ki, insanlar bu müzakirələrdən fayda əldə edəcəklər".

44 - Tezliklə