BMT-də WUF13-ə hazırlıqlar diqqət mərkəzində olub
- 30 yanvar, 2026
- 02:11
Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzrə "Dostlar Qrupu"nun davamlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş iclası keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, toplantıda "Dostlar Qrupu"nun həmsədrləri qismində Polşa və Zimbabvenin BMT yanında daimi nümayəndəlikləri, həmçinin Azərbaycanın BMT yanında nümayəndəliyinin və bir sıra üzv dövlətlərin diplomatları, təşkilat rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İclasda 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyasının (WUF13) hazırlıqları diqqət mərkəzində olub. Görüşün əsas məqsədi yeni şəhərsalma gündəliyinin orta müddətli icmalına hazırlıq prosesinin erkən mərhələdə müzakirəsi olub.
Tədbirdə Polşanın BMT yanında daimi nümayəndəsi Krzysztof Szczerski, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Malavinin BMT yanında daimi nümayəndəsi xanım Agnes Mari Cimbiri və Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış ediblər.
Çıxışlarda UN-Habitat nümayəndələri üzv dövlətlərin milli hesabatlarının toplandığını, müxtəlif qurum və tərəfdaşlardan daxil olan məlumatların təhlil edildiyini bildiriblər. Qlobal mənzil böhranı əsas çağırış kimi önə çəkilib. Qeyd olunub ki, dünyada 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və şəhər əhalisinin sürətli artımı fonunda mənzilə çıxış, əlçatanlıq və iqlimə davamlı yaşayış mühiti prioritet məsələ olaraq qalır.
WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva forumun Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcəyini vurğulayıb, Bakının bu qlobal platformaya ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.
G.Rzayeva qeyd edib ki, forum çərçivəsində mənzil məsələsi ayrıca sahə kimi deyil, şəhər ekosisteminin bütün istiqamətlərini birləşdirən əsas xətt kimi təqdim olunacaq. Müxtəlif ölkələrin praktiki təcrübələri və real həll yolları müzakirə ediləcək, tərəfdaşlıqlar qurulacaq və icra oluna bilən nəticələr hədəflənəcək. Forumun yekununda hesabat və gələcək illər üçün kollektiv istiqamətləri müəyyənləşdirən çağırış sənədinin hazırlanması planlaşdırılır.
O əlavə bildirib ki, proqram çərçivəsində ilk dəfə dövlət və hökumət başçılarının iştirakı ilə liderlər sammiti keçiriləcək. Nazirlər səviyyəsində tam günlük, nəticəyönümlü görüş, regional məsləhətləşmələr, dəyirmi masalar və plenar sessiyalar da təşkil olunacaq. Altı yüksək səviyyəli tematik dialoqda qeyri-rəsmi yaşayış məntəqələri, böhran sonrası bərpa, iqlim və mənzil əlaqəsi, mənzilin iqtisadi rolu və maliyyələşdirmə modelləri kimi mövzular müzakirə ediləcək.
Təşkilati məsələlərə toxunan H. Rzayeva bildirib ki, əsas məkan kimi Bakı Olimpiya Stadionu seçilib və hazırlıq işləri sürətlə davam edir: "Təxminən 2 500 könüllünün cəlb olunacağı könüllülər proqramı da formalaşdırılır. Forumun mühüm hissələrindən biri də təxminən 35 min kvadratmetr ərazini əhatə edəcək şəhər sərgisi olacaq. Burada ölkələrin təcrübələri və innovativ həlləri nümayiş etdiriləcək".
Çıxışlarda forumun yalnız ev sahibi ölkə və ya UN-Habitat üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün platforma olduğu vurğulanaraq üzv dövlətlər fəal iştiraka dəvət olunub. İclas sual-cavab formatında davam edib.