Fon der Lyayen: Aİ Ukrayna üzrə danışıqların növbəti raunduna güclü heyət göndərməyi planlaşdırır
- 25 noyabr, 2026
- 16:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Ukraynada müharibənin dayandırılması üzrə danışıqların növbəti raunduna güclü Avropa komandası göndərmək niyyətindədir və Rusiyanı qış atəşkəsinə razılaşmağa çağırır.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar sessiyasında bildirib.
"Son həftələrdə biz müharibənin dayandırılması səylərində yeni dinamika müşahidə edirik. Danışıqların növbəti raundunda güclü Avropa komandası iştirak edəcək. Bu vacibdir, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir edir", - o deyib.
Fon der Lyayenin sözlərinə görə, Aİ danışıqların gedişatını təkcə Rusiyanın bəyanatlarına deyil, həm də atdığı addımlarına əsaslanaraq qiymətləndirəcək.
"Rusiya enerji infrastrukturuna qarşı qış atəşkəsinə, həmçinin Qara dəniz vasitəsilə ərzaq ixracının təhlükəsiz keçidini təmin etmək üçün atəşin dayandırılmasına razılaşmalıdır. Bunlar mühüm addımlar olardı, çünki Rusiyanın danışıqlara ciddi yanaşdığını göstərərdi", - Avropa Komissiyasının rəhbəri vurğulayıb.
O qeyd edib ki, Aİ-nin strategiyası Ukraynaya maksimum dəstəyi, Rusiyaya təzyiqin gücləndirilməsini və Avropanın uzunmüddətli sülh üzrə danışıqlarda tamhüquqlu iştirakını nəzərdə tutur.
Fon der Lyayen xatırladıb ki, bazar ertəsi Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketi təqdim edilib.
Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Aİ Ukraynaya 235 milyard avrodan çox yardım göstərib.
O həmçinin bildirib ki, Avropa Komissiyasının təklif etdiyi maliyyə dəstəyi mexanizmi 2027-ci ildə Ukraynaya 45 milyard avronun ayrılmasını nəzərdə tutur: büdcə ehtiyacları üçün 20 milyard avro və hərbi dəstək üçün 25 milyard avro.
Fon der Lyayen vurğulayıb ki, Ukrayna bu vəsaiti yalnız Rusiya müharibənin vurduğu ziyanı ödədikdən sonra geri qaytarmalı olacaq.