Bəhruz Əhmədov Mərakeşdə BMT-nin qurumları ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib
- 27 noyabr, 2026
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Baş prokurorun müavini - Hərbi prokuror, Bəhruz Əhmədov Mərakeşdə BMT-nin qurumları ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib.
Bu barədə "Report"a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 20-ci ildönümünə həsr olunmuş İllik Konfransında iştirak edib.
Bu il 25-26 noyabr tarixlərində Mərakeş Krallığında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş İllik Konfrans və təlim seminarı keçirilib.
Çinin Honkonq Xüsusi İnzibati Rayonunun Korrupsiyaya qarşı Müstəqil Komissiyası (ICAC) və Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qlobal antikorrupsiya ictimaiyyətinin rəhbər şəxsləri, praktiki mütəxəssisləri və ekspertləri bir araya gəliblər.
Beynəlxalq tədbirdə Baş prokurorun müavini - Hərbi prokuror, Bəhruz Əhmədov, Hərbi prokurorunun müavini, Qasım Məmmədov, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümmətov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynovdan ibarət nümayəndə heyəti təmsil ediblər.
Tədbir zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Bazel İdarəetmə İnstitutu, Beynəlxalq Antikorrupsiya Akademiyası və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən korrupsiyaya qarşı mübarizənin aktual çağırışları müzakirə edilib. Panel sessiyalarında rəqəmsal həllərin və süni intellektin tətbiqi, ekoloji cinayətlərə və təbii resurslardan qanunsuz istifadəyə qarşı mübarizə, həmçinin antikorrupsiya mexanizmlərinin effektivliyinin təhlili üzrə qabaqcıl beynəlxalq təcrübə paylaşılıblar.
Tədbirin ikinci günündə nümayəndə heyətimiz "Korrupsiyaya qarşı mübarizədə süni intellektdən istifadə" mövzusunda müzakirələrə qatılıb.
Məruzələrdə transsərhəd korrupsiya hüquqpozmaları ilə mübarizədə rəqəmsal transformasiyanın əhəmiyyəti, süni intellekt əsaslı həllərin tətbiqi strategiyaları və qabaqcıl beynəlxalq təcrübənin milli səviyyədə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində, həmçinin, Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Baş prokuroru Hicham El Blaoui və Krallığın Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) prezidenti Məhəmməd Benalilu ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı antikorrupsiya, hüquq-mühafizə sahəsində qarşılıqlı maraq doğuran ümumi məsələlər və süni intellektin tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, qurumlar arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunub.