İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək

Daxili siyasət
  • 27 noyabr, 2026
  • 10:42
İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək

Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək.

"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı XIII beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qafqaz Albaniyasının tarixi əraziləri, onların müasir dövrdə hansı ölkəyə aid olması və tarixi abidələrin mənsubiyyəti ilə bağlı müxtəlif ölkələr arasında ciddi fikir ayrılıqları mövcuddur:

"Qafqaz Albaniyası məsələsi həm Azərbaycan, həm də dünya tarixşünaslığı üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə müxtəlif tədqiqatlar aparılsa da, hələ də araşdırılmasına ehtiyac duyulan mühüm məsələlər mövcuddur. Əminəm ki, bu il fəaliyyətimiz daha da genişlənəcək. Antropoloji və etnoqrafik ekspedisiyaların təşkili istiqamətində mühüm addımlar atılacaq və bu fəaliyyət ilk dəfə praktik olaraq həyata keçiriləcək".

İsa Həbibbəyli həmçinin bildirib ki, alman müəlliflərinin bir sıra əsərləri ermənilər tərəfindən tərcümə edilərək beynəlxalq ictimaiyyətə təqdim olunur:

"Bu nəşrlər vasitəsilə həqiqətə uyğun olmayan tezislər də dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan alman müəlliflərinin əsərlərinin orijinal mətnlərinin müəyyənləşdirilməsi, əldə olunması və Azərbaycan dilinə dəqiq tərcümə edilməsi mühüm əhəmiyyət daşıyır".

AMEA prezidenti bu istiqamətdə müvafiq təşəbbüslə çıxış edəcəklərini vurğulayıb.