Azərbaycanla Pakistan arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
- 24 noyabr, 2025
- 17:42
Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında ötən il imzalanmış Əməkdaşlıq Memorandumunun icrası, bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi barədə danışılıb, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin təşkili, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda keçirilən Zəfər paradında iştirakının bu əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar.
Qeyd edək ki, nazir Fərid Əhmədov Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir.