Azərbaycan səfirinin sədrliyi ilə İƏT ölkələrinin Praqa Qrupunun görüşü keçirilib

Xarici siyasət
  • 25 yanvar, 2017
  • 14:52
Azərbaycan səfirinin sədrliyi ilə İƏT ölkələrinin Praqa Qrupunun görüşü keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın Çexiyadakı səfirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ)  görüşü keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir Fərid Şəfiyevin sədrliyi ilə bu gün keçirilən görüşdə keçən il İƏT PQ-ya sədrlik etmiş Türkiyənin Çexiyadakı səfiri tərəfindən sədrliyin Azərbaycan səfirinə keçməsi bildirilib.

F.Şəfiyev İƏT PQ görüşünü açaraq, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçiriləcəyini bildirib və bu müstəvidə, cari il ərzində İƏT PQ-yə sədrlik edəcəyindən məmnunluq ifadə edib.

Azərbaycan səfiri İƏT PQ platformasından istifadə etməklə, Çexiya hökuməti və ictimaiyyəti ilə əməkdaşlıq edilməsinin əhəmiyyətini vurğulayıb və İslam dəyərləri və mədəniyyətinin irəlilədilməsi və düzgün anlaşılması istiqamətində İƏT PQ-də təmsil olunan səfirləri öz səylərini artırmağa səsləyib.

Tədbirdə İƏT PQ səfirləri ilə yanaşı, Çexiya rəsmi qurumlarının və ictimaiyyətinin bir sıra nümayəndələri iştirak ediblər.

44 filmi