Azərbaycan Lüksemburqda regional təhlükəsizliklə bağlı nazirlərin iclaslarında təmsil olunur
- 20 oktyabr, 2025
- 14:45

Lüksemburqda bu gün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasından sonra nazirlərin regional təhlükəsizlik və regionlararası əlaqəlilik məsələləri üzrə görüşü (Cross-regional Security and Connectivity Meeting) keçiriləcək.
"Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycanı bu iclaslarda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.
Avropa Komissiyasından "Report"a bildirilib ki, tədbirin proqramına Avropa İttifaqı, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə iki ayrı sessiya daxildir.
Birinci sessiya "Qara dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq" mövzusuna həsr olunub. Sessiyada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, eləcə də Avropa İttifaqı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Türkiyə və Ukrayna nümayəndələri iştirak edirlər.
İş yeməyi formatında keçiriləcək ikinci sessiya "Regionlararası əlaqəlilik gündəliyinin irəlilədilməsi" mövzusuna həsr olunub. İştirakçılara beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Yozef Sikela qoşulacaq. Müzakirələrdə Avropa İttifaqı ölkələrinin, eləcə də Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistan nümayəndələri iştirak edirlər.
Hər iki görüş Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında təhlükəsizlik, nəqliyyat, energetika sahələrində əməkdaşlığın gücləndirilməsinə, həmçinin Avropa və Asiya arasında daha sıx əlaqələrin yaradılmasına yönəlib.