Azərbaycan-İtaliya tərəfdaşlığı Avrasiyanın yeni etimad xəttinə çevrilir - RƏY
- 05 may, 2026
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Corcia Meloninin Bakıda mətbuata bəyanatlarla çıxış etməsi iki ölkə arasında münasibətlərin keyfiyyətcə daha yüksək mərhələyə daxil olduğunu göstərir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.
O qeyd edib ki, sözügedən görüş iki dost ölkə arasında ənənəvi siyasi təmas çərçivəsini aşaraq Azərbaycanın beynəlxalq sistemdə qazandığı yeni statusun, Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik xəttinin və ölkəmizin Avropa məkanında artan strateji çəkisinin aydın ifadəsinə çevrildi:
"Azərbaycan-İtaliya əlaqələrinin bugünkü səviyyəsi ardıcıl siyasi iradənin, qarşılıqlı etimadın və strateji düşüncənin nəticəsidir. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri münasibətlərin hüquqi-siyasi əsasını formalaşdırıb, sonrakı dövrdə həmin çərçivə real iqtisadi, enerji, humanitar və təhlükəsizlik layihələri ilə zənginləşib.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqam ondan ibarətdir ki, Azərbaycan tərəfdaşlıq münasibətlərini yalnız rəsmi sənədlər və diplomatik bəyanatlar səviyyəsində saxlamır; onları konkret nəticələrə, qarşılıqlı faydaya və uzunmüddətli maraqlar sisteminə çevirir.
Azərbaycanın iqtisadi siyasətində əsas prinsip təbii resursların sadəcə ixrac predmeti kimi istifadəsi ilə məhdudlaşmır, həmin resurslar milli maraqların təmininə, beynəlxalq nüfuzun artmasına və yeni əməkdaşlıq formatlarının formalaşmasına xidmət edir. Enerji sahəsi Azərbaycan–İtaliya strateji tərəfdaşlığının aparıcı dayaqlarından biridir. Azərbaycanın İtaliyanın neft və qaz təchizatında ikinci yerdə dayanması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun real təsdiqidir".
Deputat bildirib ki, "Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi ilə bağlı müzakirələr Azərbaycan enerji diplomatiyasının gələcəyə hesablanmış xarakterini göstərir. Həmin layihələr boru kəməri infrastrukturu olmaqla kifayətlənmir; onlar Avropa ilə Azərbaycan arasında qarşılıqlı etimadın, siyasi dayanıqlılığın və strateji bağlılığın mühüm mexanizminə çevrilib".
Onun sözlərinə görə, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, postmüharibə dövrünün inkişaf fəlsəfəsini əks etdirir:
"Azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin 23 layihədə iştirakı Azərbaycanın bərpa və quruculuq prosesinin beynəlxalq tərəfdaşlar üçün açıq, səmərəli və etibarlı platformaya çevrildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi infrastrukturun yenidən qurulması ilə məhdudlaşmayan, tarixi ədalətin bərpasından sonra həmin torpaqlara həyat, iqtisadi fəallıq və davamlı gələcək gətirən genişmiqyaslı dövlət proqramıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər hazırda quruculuq, reinteqrasiya və sosial-iqtisadi yüksəliş mərhələsində davam edir".
Rövşən Muradov vurğulayıb ki, görüşdə İranla bağlı vəziyyət, Ermənistanla normallaşma prosesi, Azərbaycan–Avropa İttifaqı dialoqu və Ukraynada ədalətli sülh məsələlərinin müzakirə olunması Azərbaycanın xarici siyasətinin geniş coğrafi və siyasi radiusunu göstərir:
"Azərbaycan regionda sabitliyin, sülh gündəliyinin və humanitar məsuliyyətin daşıyıcısı kimi çıxış edir. İtaliya tərəfinin İranda təhlükə ilə üzləşən italyan vətəndaşlarının təxliyəsində, habelə səfirliyin müvəqqəti olaraq Bakıda fəaliyyət göstərməsində Azərbaycana təşəkkür etməsi ölkəmizin etibarlı, çevik və humanitar öhdəliklərə həssas dövlət obrazını daha da möhkəmləndirir".
Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyevin ardıcıl, praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XXI əsrin mürəkkəb geosiyasi şəraitində özünü qalib, sabit, etibarlı və gələcəyi formalaşdırmaq gücünə malik dövlət kimi təsdiqləyib. Azərbaycan–İtaliya münasibətlərinin hazırkı mərhələsi bu böyük siyasi yolun mühüm uğur səhifələrindən biridir.