Azərbaycan AQEM-in Astanadakı mənzil-qərargahına Qarabağ atının heykəlini hədiyyə edib

Xarici siyasət
  • 05 oktyabr, 2026
  • 12:44
Azərbaycan AQEM-in Astanadakı mənzil-qərargahına Qarabağ atının heykəlini hədiyyə edib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Astanadakı mənzil-qərargahında birliyə sədrlik edən Azərbaycanın hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, mərasim oktyabrın 5-də qeyd olunan AQEM Gününə həsr olunub. Tədbirdə AQEM-in Baş katibi Kayrat Sarıbay və Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov iştirak ediblər.

Mərasimdə çıxış edən Ə.Əsgərov qeyd edib ki, Qarabağ atı Azərbaycanın milli irsinin bir hissəsidir və cəsarət, sədaqət və etimadı simvolizə edir. Onun sözlərinə görə, heykəl Azərbaycanın AQEM-ə üzv dövlətlərlə dostluğunun rəmzi olacaq.

Səfir vurğulayıb ki, Azərbaycanın sədrliyinin prioritetləri nəqliyyat əlaqələrinin inkişafı, kiçik və orta biznesin, qadın sahibkarlığının və yaşıl iqtisadiyyatın dəstəklənməsidir. Kibertəhlükəsizlik, fərdi məlumatların qorunması, mədəni əlaqələr və gənclərin əməkdaşlığına da xüsusi diqqət yetirilir.

Kayrat Sarıbay hədiyyəyə görə Azərbaycana təşəkkür edib və qeyd edib ki, bu üzv dövlətlərin təqdim etdiyi və Asiyanın mədəni müxtəlifliyini əks etdirən incəsənət əsərləri kolleksiyasını zənginləşdirib.

Baş katib vurğulayıb ki, son dörd il ərzində AQEM ölkələri etimadın möhkəmləndirilməsi üzrə 100-ə yaxın tədbir keçirib. Onlar terrorla mübarizə, kibertəhlükəsizlik, nəqliyyat, ekologiya, sahibkarlıq və digər istiqamətləri əhatə edib. Onun sözlərinə görə, birlik ardıcıl surətdə dialoqdan praktiki əməkdaşlığa və konkret nəticələrə doğru irəliləyir.

Bundan başqa, Sarıbay Azərbaycan sədrliyinin ekoloji gündəliyin inkişafına, gənclərin qarşılıqlı əlaqəsinə və AQEM Qadınlar Şurasının fəaliyyətə başlamasına verdiyi töhfəni qeyd edib.

AQEM-in 7-ci sammiti oktyabrın 15-də Bakıda keçiriləcək. Səfir Əlimirzamin Əsgərov görüşün əldə olunmuş irəliləyişi möhkəmləndirməyə və birliyin inkişafının növbəti mərhələsini müəyyən etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

44 filmi