ATƏT PA Prezidenti: Vaşinqton görüşünün yaratdığı fürsəti əldən verməyəcəyik - MÜSAHİBƏ

Xarici siyasət
  • 11 sentyabr, 2025
  • 12:30
ATƏT PA Prezidenti: Vaşinqton görüşünün yaratdığı fürsəti əldən verməyəcəyik - MÜSAHİBƏ
Pere Xuan Pons Sampyetro

Azərbaycanın və digər region ölkələrinin ATƏT Parlament Assambleyası (PA) ilə uzun illər davam edən səmərəli əməkdaşlığı təşkilatın fəaliyyət gündəliyində Cənubi Qafqaza diqqətin artmasına şərait yaradıb. 

Son illərdə Azərbaycan nümayəndə heyətinin Assambleyanın işində fəal iştirakı, o cümlədən ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna rəhbərlik etməsi ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını göstərir. Regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlar isə, öz növbəsində, tərəflərin gələcək əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Məhz bu kontekstdə "Report"a müsahibə verən ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) təşkilatın gələcək planları, Vaşinqton görüşünün nəticələri, Minsk qrupunun ləğvi və digər bir sıra məsələlər barədə fikirlərini bölüşüb:

- Cənab Prezident, ilk olaraq bilmək istərdik ki, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında görüşün nəticələrini necə qiymətləndirirsiz?

- Vaşinqton görüşünün tarixi bir addım olduğunu düşünürəm. Bildiyiniz kimi, mən İspaniyadanam və sizin regionunuz üçün sülh prosesinin tarixi mərhələsi mənim ölkəmdə başlayıb (Madrid prinsipləri nəzərdə tutulur - müəl.). Ona görə də avqust ayında baş verən hadisələr məndə gələcəyə böyük ümid yaratdı.

-Vaşinqton danışıqlarının nəticələrindən biri kimi ATƏT-in Minsk qrupu ləğv edildi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına ATƏT PA gələcəkdə hansı töhfələri verə bilər?

-Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul etdi. Artıq Minsk prosesi ilə bağlı işlərin yekunlaşma mərhələsindəyik. (Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb -müəl.). İşlər çox sürətlə irəliləyir.

Düşünürəm ki, parlament üzvləri olaraq biz Azərbaycanla Ermənistan arasında problemin həllinin bir parçası ola bildik. ATƏT PA dialoq və sülh üçün bir vasitədir. Burada təkcə münaqişəyə yaxın olmağı, monitorinqi nəzərdə tutmuram, həm də həllin bir parçası olmaqdan söhbət gedir. Azərbaycandan və Ermənistandan olan həmkarlarımla çoxlu söhbətlərim olub və bu proseslə bağlı həmişə irəliyə baxmalı olduğumuzu düşünmüşəm. Vyanada Daimi Şuraya (ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan qərar qəbuletmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir - müəl.) ilk müraciətimdə çatdıracağım mesajlardan biri də məhz budur.

Biz ATƏT Parlament Assambleyası olaraq gələn payız sessiyasında İstanbulda Ermənistan və Azərbaycan arasında dialoqu vurğulayacağıq və bunun üçün bir platforma olacağıq. Yəni yaranmış fürsəti əldən verməyəcəyik. Vaşinqtonda birgə bəyannamə imzalandıqdan sonra bizim alətə çevrilməyimiz, yəni onun icrasına dəstək olmağımız önəmlidir, bu mənada sizlərin ixtiyarındayıq. Bəlkə, bu il yox, amma proses (normallaşma prosesi-müəl.) daha pozitiv mərhələyə daxil olduqca inanıram ki, birlikdə işləyə biləcəyik və İstanbul görüşü də bu çərçivədə mühüm rol oynayacaq.

- Bəs Azərbaycanla ATƏT PA arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün nə kimi layihələr icra olunur və ya icrası planlaşdırılır?

- Biz Azərbaycanda keçirilən seçkiləri müşahidə edirik. Ötənilki seçkilərdə də iştirak etmişik. Ümumiyyətlə, hər iki ölkədə iştirakımız var, ancaq bu, əsasən, parlamentlərlə təmaslardan ibarətdir. Hazırda biz ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev (2017-ci ildən -müəl.) ilə də əlaqədəyik, birlikdə işləyirik. Ona görə də bu (Azərbaycan-Ermənistan normallaşma prosesi-müəl.), müzakirə edəcəyimiz mövzulardan biri olacaq və biz İpək Yolu şəbəkəsi üzərində yalnız simvolik deyil, həm də geosiyasi, iqtisadi baxımdan irəliləyəcəyik.

- Gələn il ATƏT PA-nın gündəliyində əsas prioritetlər nələr olacaq? Cənubi Qafqaz bu prioritetlərdə hansı yeri tutur?

- ATƏT PA-nın Prezidenti kimi fəaliyyətə başlamağımdan qısa müddət keçməsinə (ATƏT PA-nın 2025-ci il iyulun 3-də Portoda keçirilən 32-ci İllik Sessiyasında seçilib- müəl.) baxmayaraq, mənim üçün Mərkəzi Asiya və Cənubi Qafqaz regionları əsasdır. Ancaq bu, təkcə prezident olduğuma görə belə deyil. Hesab edirəm ki, siz, həqiqətən də, açar bir regionsunuz. XXI əsrin əvvəllərində bu regionla (Cənubi Qafqaz -müəl.) bağlı fəaliyyət göstərmişəm, ona görə də düşünürəm ki, sizin Qərb və Şərq arasında bir növ qovşaq olmaq imkanınız var. Amma fikrimcə, bunu logistik, iqtisadi səmərəlilik və digər məsələlər baxımından birlikdə etsəniz, daha yaxşı olar. Səbəb, əvvəldə də qeyd etdiyim kimi, sizin Şərq-Qərb, Şimal-Cənub arasında körpü rolunu oynamağınızdır.

ATƏT PA-nın üstünlük verdiyi məsələlərə gəldikdə isə hesab edirəm ki, təşkilatın siyasi cəhətdən daha fəal olması, həmçinin seçki müşahidəsi prosesində aktiv iştirak etməsi vacibdir. Həqiqətən də, seçkilərdə baş verənləri daha yaxşı müşahidə etmək lazımdır. İkincisi, yeni çağırışlara – iqlim dəyişikliyi, süni intellekt, populizm, media azadlığı və s. diqqət yetirmək niyyətindəyik. Lakin əsasən, münaqişələrdə həllin bir hissəsi olmalı, seçki proseslərinin müşahidəsi ilə daha çox mövcudluq nümayiş etdirməliyik. Mən fəaliyyət planını da İstanbulda təqdim edəcəyəm, çünki qarşıdakı iki il ərzində prezident kimi fəaliyyət göstərəcəyəm.

- Ukraynada davam edən müharibə ATƏT PA gündəliyinə hansı dəyişiklikləri gətirib? Sizcə, bu, digər regionlardakı məsələlərin, o cümlədən Cənubi Qafqazın bir qədər arxa planda qalmasına səbəb olurmu?

- Mənə görə əsas məsələlərdən biri ikili standartlardan çıxış edilməməsidir. Bəli, mənim üçün Ukraynada iştirak etmək, orada həllin bir parçası olmaq önəmlidir. Amma, eyni zamanda, Yaxın Şərqdə, Qəzzada və digər yerlərdə də iştirak vacibdir. Ona görə də biz burada bir şeydən danışıb, Mərkəzi Asiyada tamamilə fərqli baxış bucağından çıxış edə bilmərik. Yəni ikili standartlara yer verilməməlidir.

Hesab edirəm ki, Avropada təhlükəsizlik təmin edilmədən qlobal təhlükəsizliyə nail olmaq mümkün deyil. Odur ki, qarşıdakı çağırış olduqca mühümdür. Biz yeni bir dövrə qədəm qoymuşuq. Avropa böyük bir sınaq qarşısındadır. Əsrin ilk rübü liberal qloballaşmaya doğru gedirdisə, indi qlobal avtoritarizmə doğru gedirik. Ukraynadakı müharibə, COVID-19 və uğursuzluqların- əhalinin qorxularına yetərli cavab verilməməsinin yaratdığı yeni çağırışlarla üz-üzəyik.

Şübhəsiz ki, Avropa regionu həm Ukraynadakı, həm də Yaxın Şərqdəki münaqişələrdən təsirlənir. Bunlar bir-biri ilə əlaqəlidir və nəticədə yeni bir dinamika yaradıb. Hazırda Qəzzadakı vəziyyət də bir çox ölkələr arasında yeni dinamika formalaşdırıb. Məncə, iki paralel dinamika mövcuddur və əlbəttə ki, hər iki münaqişə həll olunmadan,-heç olmasa, orta müddətli atəşkəslər əldə olunmadan,-qlobal təhlükəsizlikdən danışmaq mümkün deyil. Çünki bu gün həm Ukraynada, həm də Qəzzada şahidi olduğumuz mənzərə dəhşətlidir.

- Yaxın dövrdə Sizin və ya ATƏT PA nümayəndə heyətinin Cənubi Qafqaz regionuna səfəri gözlənilirmi?

- Səfərimiz mütləq baş tutacaq. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədovla müzakirə aparmışıq. Həmçinin ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri olan Azay Quliyevlə də əlaqədəyik.