XİN rəsmisi: Su problemlərinin növbəti COP-ların gündəliyinə daxil ediləcəyini gözləyirik
- 11 sentyabr, 2025
- 17:28

Azərbaycan su resurslarının səmərəli istifadə olunması və bütövlükdə su təhlükəsizliyində olduqca maraqlıdır.
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq" adlı paneldə deyib.
Onun sözlərinə görə, Azərbaycan COP tarixində ilk dəfə olaraq su haqqında bəyannamə hazırlayıb və davamlı dialoq məqsədi daşıyan "Bakı Su Dialoqu" platformasını təsis edib:
"Suyun iqlim dəyişmələrinin təsirlənən əsas sahələrdən biri olmasına baxmayaraq, heç bir COP gündəliyinə daxil edilməməsi çox təəssüf doğurur. COP29-dan sonra su problemlərinin bütün növbəti COP-ların gündəliyinə daxil ediləcəyini gözləyirik".
Çıxışcı bu yay Bonnda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci sessiyasına diqqət çəkərək xatırladıb ki, bu çərçivədə "Bakı Su Dialoqu"nun ilk qeyri-rəsmi görüşü baş tutub:
"Biz bu təşəbbüsü dəstəkləmək istəyən bir çox tərəflərdən böyük həvəs gördük. Hətta braziliyalı tərəfdaşlarımız COP30 çərçivəsində Berlində "Bakı Su Dialoqu"nun daha bir görüşünü birgə keçirməyə hazır olduqlarını bildirdilər. Biz COP30-da "Bakı Dialoqu"nu işə salmaq üçün UNEP, UNS və WMO kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Artıq su məsələləri üzrə yeni bir yol başlamışıq və onu iqlim sammitlərinin gündəliyinə qaldırmışıq. Ümid edirik ki, gələcəkdə iqlim fəaliyyətlərində su məsələləri ilə bağlı daimi gündəliyə malik ola biləcəyik. Bu, COP29-un tarixi nəticələrindən biridir".
O, Bakıda iqlim maliyyələşdirilməsi üzrə əldə olunan qərarların müəyyən şəkildə su və dayanıqlılıq məsələlərinə töhfə verəcəyinə ümid bəslədiyini də qeyd edib:
"COP29-da biz ilk dəfə olaraq iqlim maliyyələşdirilməsinin 300 milyard dollar həcmində razılaşdırılmasına nail olduq, iqlim fəaliyyətləri üzrə əvvəlki öhdəliyi üç dəfə artırdıq ki, bu da su tədbirləri sahəsində çoxlu imkanlar açır. Buna görə də gözləyirik ki, iqlim maliyyələşdirilməsi üzrə bu öhdəliklər yerinə yetiriləndə bu 300 milyard da müəyyən şəkildə su ilə əlaqəli adaptasiyanı dəstəkləmək üçün xərclənəcək".
E.Allahverdiyev Bakıda müəyyən mənada adaptasiya üzrə prinsipial qərarlar qəbul etməyə nail olduqlarını da vurğulayıb:
"Belə ki, COP30-da həyata keçirilməli olan Bakı Adaptasiya Yol Xəritəsi hazırlandı. Hazırda tərəfdaşlarla birlikdə Bakı Adaptasiya Yol Xəritəsinə hansı elementlərin daxil edilməli olduğu üzərində işləyirik. Gözləyirik ki, su da orada yer alacaq. Bundan əlavə, Bakı Adaptasiya Yol Xəritəsi COP30 gündəliyinin daha bir çox vacib bəndini - Qlobal Adaptasiya Məqsədini dəstəkləyəcək".
XİN rəsmisi bu ilin sonuna qədər elan edilməli olan milli iqlim planlarının növbəti raundunun tamamlanma prosesində olduğunu bildirib:
"Ümid edirik ki, milli iqlim planlarının su ölçüsü də ölkələrin NBC-lərinə, həmçinin Milli Adaptasiya Planlarına və Milli Bioloji Strateji Fəaliyyət Planına, eləcə də Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində bəzi iş istiqamətlərinə daxil ediləcək. Beləliklə, biz suya yalnız iqlim məsələsi kimi baxa bilmərik. Su həm də Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində, eləcə də Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində bioloji məsələdir".