Ankarada "Qafqaz İslam Ordusu və Ənvər Paşa" adlı tədbir keçirilib
- 18 sentyabr, 2025
- 20:31

Ankara Ticarət Palatasının (ATO) binasında Qafqaz İslam Ordusunun xatirəsinə "Qafqaz İslam Ordusu və Ənvər Paşa" adlı tədbir keçirilib.
"Report"un yerli bürosunun xəbərinə görə, mərasim Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türk Dünyası Parlamentarilər Vəqfi (TDPV) tərəfindən təşkil olunub.
Mərasimdə Azərbaycan və Türkiyədən olan diplomatlar, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkilləri, elm adamları, ATO rəsmiləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, Qafqaz İslam Ordusunun qəhrəmanlarını xalqımız tərəfindən nəsillər boyu yad edib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Qafqaz İslam Ordusunun tarixinə toxunaraq bildirib ki, Anadolu oğulları azərbaycanlı qardaşları ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan təmizləyiblər: "Və bu qələbə iki qardaş ölkənin taleyini bölüşməsinin növbəti təzahürü oldu, o səbəbdən də "bir millət, iki dövlət" prinsipi sarsılmazdır. Odur ki, 107 il əvvəl Bakı döyüşündə həlak olan 1 130 şəhidin qəhrəmanlığı ölkələrimizin tarixinə qızıl hərflərlə yazılıb".
Giresun Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin professoru Yalçın Sarıkaya isə Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun tarixi rolunu izah edən təqdimatla çıxış edib.