Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb

Maliyyə
  • 16 oktyabr, 2026
  • 18:08
Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb

Qlobal bazarda "Azeri Light" markalı Azərbaycan xam neftinin 1 barelinin qiymətinin 10 ABŞ dolları yüksəlməsi ölkənin cari əməliyyatlar balansının (CƏB) illik profisitini 1,2 milyard ABŞ dolları artırır, təbii qazın hər 1 000 kubmetrinin 50 ABŞ dolları bahalaşması isə təqribən 900 milyon ABŞ dolları əlavə profisitə yol açır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Global Finance" jurnalına müsahibəsində bildirib.

Bundan əlavə, baş bankir vurğulayıb ki, Azərbaycanın qeyri-enerji idxalının təxminən 80 %-i enerji resursları idxal edən dövlətlərin üzərinə düşür: "Bu səbəbdən neft qiymətlərinin 10 % yüksəlməsi ticarət tərəfdaşlarımızda inflyasiyanı təxminən 0,67 % artırır. Bu halda nominal effektiv məzənnə təzyiqin əhəmiyyətli hissəsini özündə saxlayır".

"Valyuta məzənnəsinin sabitliyi əsas nominal lövbər rolunu oynayır. Ticarətin dominant ötürmə kanalı kimi çıxış etdiyi şəraitdə sabit nominal məzənnə idxal mənşəli inflyasiyanın böyük hissəsini neytrallaşdırır və gözləntilər 4±2 % dəhlizi çərçivəsində saxlanılır. Eyni zamanda uçot dərəcəsi dəhlizi siyasət qərarlarının proqnozlaşdırıla bilən formada ötürülməsini mümkün edir. Üçüncü amil bufer ehtiyatıdır, strateji valyuta ehtiyatlarımız cari ilin birinci yarısında 700 milyon ABŞ dolları artaraq iyun ayının sonuna 85,8 milyard ABŞ dollarına yüksəlib ki, bu göstərici ÜDM-in 125 %-ni aşıb, geniş pul kütləsinin isə təxminən 400 %-inə bərabər olub", - deyə T.Kazımov bildirib.

44 filmi