ABŞ-ın keçmiş səfiri: "Heydər Əliyev Azərbaycanı dünyanın bir çox ölkələri ilə eyni masa arxasında birləşdirmək istəyirdi”

Xarici siyasət
  • 05 may, 2023
  • 09:14
ABŞ-ın keçmiş səfiri: Heydər Əliyev Azərbaycanı dünyanın bir çox ölkələri ilə eyni masa arxasında birləşdirmək istəyirdi”

“Heydər Əliyev Azərbaycanı dünyanın bir çox ölkələri ilə eyni masa arxasında birləşdirmək istəyirdi”.

“Report” xəbər verir ki, bunu beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Ümummilli Lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas məqsəd Azərbaycanın maraqlarının təmin edilməsi olub: “Dahi lider yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyini qorumaq üçün onun beynəlxalq tərəfdaşları olmalıdır. O, Qərblə bərabər Rusiya ilə də münasibətləri normal saxlamağı bacarmışdı”.

M.Brayza bildirib ki, Heydər Əliyev çox ciddi şəxs olmaqla yanaşı, lazım gəldikdə doğruları yumordan da istifadə edərək deyib: “Mən dəfələrlə ABŞ nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olarkən Heydər Əliyevlə bir sıra görüşlərdə iştirak etmişəm və dahi şəxsiyyətlə bağlı xeyli xatirələrim var. Ermənistanla münaqişə zamanı Heydər Əliyevin bu məsələni həll etməyin onun üçün nə qədər vacib olduğunu başa düşürdüm. Eyni qətiyyəti Prezident İlham Əliyevdə də görmüşəm”.

Diplomatın sözlərinə görə, ABŞ hökuməti Bil Klintonun rəhbərliyi ilə enerji sahəsində Azərbaycanla əməkdaşlığı ona görə qəbul etmişdi ki, ölkənin müstəqilliyinə dəstək versin: “Çünki ABŞ öz müttəfiqlərinə heç vaxt dəstəyini əsirgəməyib”.

Sabiq səfir həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində həyata keçirilən işlərdən də danışıb: “Azərbaycan qalib olsa da, Ermənistandan fərqli olaraq sülh istəyir. Ona görə də Ermənistan üçün ən yaxşısı yeni reallıqlarla barışmaqdır. Yenidən müharibə olacağına inanmıram. Lakin hesab edirəm ki, Ermənistan tərəfindən sülhü korlamaq üçün bəzi təxribatçı addımların atılacağı istisna deyil”.