Elmar Mustafayev: Azərbaycan Aİ-dən minatəmizləmə məsələlərində daha çox dəstək gözləyir
- 27 oktyabr, 2026
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstəyini, o cümlədən texniki yardım və potensialın artırılması hesabına genişləndirə bilər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Qarabağ Universitetinin dekanı Elmar Mustafayev Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ("AIR Center") və Kral Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan və Avropa İttifaqı: yeni perspektivlər" forumunda bildirib.
"12 min kvadrat kilometrdən çox ərazi minalarla çirklənib. Problemin miqyasını avropalı həmkarlara təsəvvür etdirmək üçün deyim ki, bu, Belçika ərazisinin 40 %-nə bərabərdir", - E. Mustafayev deyib.
Onun sözlərinə görə, indiyədək minatəmizləməyə 500 milyon avrodan çox vəsait ayrılıb, özü də bu məbləğin 96 %-i Azərbaycan hökumətinin, yalnız 4 %-i isə beynəlxalq humanitar yardımın payına düşür.
"Biz Aİ-nin yardımına görə minnətdarıq, lakin rəqəmlər göstərir ki, Azərbaycana təkcə maliyyə deyil, həm də texniki, eləcə də potensialın gücləndirilməsi sahəsində dəstəyin genişləndirilməsi üçün əhəmiyyətli imkanlar var", - o qeyd edib.
E. Mustafayev həmçinin bildirib ki, Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 40 minə yaxın keçmiş məcburi köçkün artıq öz evlərinə qayıdıb: "Ümumilikdə 100 minə yaxın insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır".
Onun sözlərinə görə, "Böyük Qayıdış" proqramı çərçivəsində yenidənqurma və inkişaf layihələrinə 28 milyard manat (təxminən 14 milyard avro) vəsait ayrılıb.
Təxminən üç ildir Xankəndidə yaşayan və işləyən E. Mustafayev qeyd edib ki, yolların və yaşayış yerlərinin bərpası illər əvvəl bu əraziləri tərk etmiş insanların tədricən qayıdışı ilə müşayiət olunur: "Bu ərazilərin dayanıqlı inkişafı üçün əhalini keyfiyyətli təhsil, səhiyyə xidmətlərinə çıxış və iş yerləri ilə təmin etmək lazımdır".
Bu baxımdan o, 2024-cü ilin sentyabrında yaradılmış Qarabağ Universitetinin rolunu vurğulayıb. Onun sözlərinə görə, hazırda ali məktəbdə 49 hazırlıq istiqaməti üzrə 3 mindən çox tələbə təhsil alır: "Universitet nəinki gənclərin təhsilini təmin etməli, həm də işğaldan azad edilmiş ərazilərin əmək bazarı üçün mütəxəssislər hazırlamalıdır".
Bununla yanaşı, E. Mustafayev bildirib ki, Aİ işğaldan azad edilmiş ərazilərə əsasən Azərbaycan və Ermənistan münasibətləri, sülh prosesi və geosiyasət prizmasından baxır, halbuki əhalinin geri qayıtması məsələləri daha çox diqqət tələb edir: "Geosiyasət, sülh prosesi vacibdir, lakin biz hesab edirik ki, bu ərazidə münaqişə başa çatıb. Hazırda ən mürəkkəb problem minalardır".