Ziba Mustafayeva: "Azərbaycanın biznes təcrübələri dünya ilə paylaşılacaq"

Biznes
  • 27 oktyabr, 2026
  • 17:43
Ziba Mustafayeva: Azərbaycanın biznes təcrübələri dünya ilə paylaşılacaq

Azərbaycanın biznes sahəsində qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər biznes-keyslər şəklində sistemləşdirilərək beynəlxalq akademik proqramlara daxil ediləcək və dünya ölkələri ilə paylaşılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, SOCAR-ın strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında deyib.

Onun sözlərinə görə, hazırlanacaq biznes-keyslər Azərbaycanın həm yerli, həm də beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətləri və uğurlu biznes təcrübələrini əks etdirəcək.

"Bu keyslər ən yaxşı təcrübələr kimi həm yerli, həm də beynəlxalq akademik proqramların kurrikulumlarına inteqrasiya olunacaq və dünya ilə paylaşılacaq. Təşəbbüslərimiz bununla məhdudlaşmayacaq. Lakin biz prioritetləri müəyyənləşdirməliyik. Bu istiqamətdə davamlı tərəfdaşlığımız olacaq, yeni layihələr həyata keçiriləcək və proqramların genişləndirilməsi ilə bağlı planlarımızı müzakirə edərək ictimaiyyətə açıqlayacağıq", – o bildirib.

Z. Mustafayeva dövlət və özəl sektorun müxtəlif sahələrini təmsil edən iştirakçıları, o cümlədən SOCAR nümayəndələrini mərkəzin fəaliyyətində fəal iştirak etməyə çağırıb.

"Düşünürəm ki, bütün tərəfdaşlarımız da bu fikirlə razılaşacaqlar. Sizi öz təşəbbüslərinizlə çıxış etməyə, insan kapitalının və ya institusional inkişafın hansı ehtiyaclarının olduğunu müəyyənləşdirməyə dəvət edirik. Mərkəzin imkanlarından istifadə etməklə bu ehtiyaclara uyğun layihələr hazırlamaq və inkişaf etdirmək mümkündür. Çünki bütün bunların əsas məqsədi Azərbaycanın insan kapitalının inkişafına töhfə verməkdir", – SOCAR-ın vitse-prezidenti əlavə edib.