4SİM: 70 mindən çox Azərbaycan vətəndaşı "Coursera"ya pulsuz çıxış əldə edib
- 01 oktyabr, 2026
- 15:02
Yeniliklərdən dərhal xəbərdar olun!
70 mindən çox Azərbaycan vətəndaşı süni intellekt proqramları da daxil olmaqla, "Coursera" platformasında 21 min onlayn kursa pulsuz çıxış əldə edib.
"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal bacarıqların inkişafına və süni intellekt (AI) sahəsində kadrların hazırlanmasına yönəlmiş bir sıra proqramlar həyata keçirilir.
"Üç ildən artıqdır ki, biz 70 mindən çox Azərbaycan vətəndaşına Coursera platformasına pulsuz çıxış imkanı təqdim edirik. Onlar 21 mindən çox onlayn kursu, o cümlədən süni intellektlə bağlı çoxlu sayda proqramları öyrənə bilərlər", - F.Cəfərov deyib.
O, AI-nin köməyi ilə 3 mindən çox kursun Azərbaycan dilinə tərcümə olunduğunu bildirərək, bunu texnologiyanın tətbiqinin müsbət nümunələrindən biri adlandırıb.
F.Cəfərovun sözlərinə görə, bu yaxınlarda "OpenAI" ilə 500 mindən çox azərbaycanlı tələbəyə AI-ni öyrənməyə imkan verəcək müqavilə imzalanıb.
"Biz həmçinin bu yaxınlarda "SpaceX AI", "Chrome" və digər şirkətlərlə də müqavilələr imzaladıq. Yeni layihələr və tərəfdaşlıqlar regiona gəlməkdə davam edir", - o qeyd edib.
4SİM-in icraçı direktoru vurğulayıb ki, AI-ın inkişafı üçün kadr potensialı böyük əhəmiyyət kəsb edir.
"Buna görə də biz məktəblərdə tədris proqramlarını dəyişirik və tələbələrə yeni bacarıqlar öyrədirik. Azərbaycanda müxtəlif universitetlərlə birgə çoxlu sayda ikili diplom proqramları həyata keçirilir", - icraçı direktor bildirib.
O, həmçinin Azərbaycanda "Sabah City Innovation Hub" innovasiya mərkəzinin yaradılmasından danışıb.
"Bu yaxınlarda Prezidentin iştirakı ilə Sabah City Innovation Hub-ı açdıq. Biz 20 hektarlıq kiçik bir ərazidə Azərbaycanın bir növ "Silikon Vadisi"ni yaratmağa çalışırıq", - o bildirib.
Habın ərazisində üç universitet və 30-dan çox laboratoriya yerləşir. Burada artıq 100-dən çox startap fəaliyyət göstərir və daha 100-dən çox IT şirkəti öz bölmələrini yerləşdirməyi planlaşdırır.
"Beləliklə, biz sənaye və elm arasında qarşılıqlı əlaqəni təmin etmək istəyirik. Biznesin ehtiyaclarını nəzərə alaraq, universitetləri və startapları zəruri biliklər və praktiki təcrübə ilə əlaqələndirməyə çalışırıq", - F.Cəfərov qeyd edib.
O, həmçinin regionun AI-ın inkişafı sahəsindəki potensialına diqqət çəkib.
"Əgər regionu bütövlükdə nəzərdən keçirsək, söhbət təxminən 150 milyon insandan gedir. Eyni zamanda, onun məcmu potensialı demək olar ki, 700 milyard dollar təşkil edir", - 4SİM-in icraçı direktoru deyib.
Onun sözlərinə görə, region ölkələri süni intellekt texnologiyalarının yaradılmasında ABŞ və Çinlə rəqabət apara bilməzlər, lakin onları həyatın müxtəlif sahələrinə fəal şəkildə tətbiq etmək iqtidarındadırlar.
Direktor məlumatların emalı mərkəzlərinin yaradılmasına və hesablama güclərinə investisiyaların qoyulmasının zəruriliyini vurğulayıb.
"Süni intellekt dünyasında üç kateqoriya iştirakçı var: yaradıcılar - "makers", istifadəçilər - "takers" və oyun qaydalarını formalaşdıranlar - "shapers"", - o izah edib.
Onun sözlərinə görə, ABŞ və Çin AI-yə əsaslanan çoxlu sayda məhsullar hazırlayaraq əsasən yaradıcılar kateqoriyasına aiddirlər.
"Region ölkələri eyni zamanda özlərinin böyük dil modellərini və qlobal alətlərini inkişaf etdirərək, bu texnologiyaların fəal istifadəçiləri ola bilərlər. Beləliklə, onlar regional səviyyədə oyun qaydalarını formalaşdıranlara da çevrilə bilərlər", - o bildirib.