"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişdiriləcək

Maliyyə
  • 13 oktyabr, 2026
  • 10:50
Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun dəyişdiriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ictimaiyyətə təqdim etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, yenilənmiş qanun fintexlərin əhatə dairəsini genişləndirməyə və xidmət çeşidliliyini artırmağa imkan verəcək.

"Ödəniş bazarındakı vəziyyətə baxsaq görərik ki, ilk dövrlərdə bu bazar nəzarətsiz formalaşıb, daha sonra nəzarət onun institusional inkişafını təmin edib və artıq institusional inkişafa nail olmuş təşkilatlar mövcuddur", - deyə AMB rəsmisi əlavə edib.

Onun sözlərinə görə, fintex sektoru rəqəmsallaşma və süni intellektin tətbiqi üzrə bank sektorundan sonra qərarlaşıb: "Bir çox ölkələrdə bu iki sektor rəqəmsallaşmaya görə rəqabət aparır. Fintexlərin üstünlüyü isə onların sürətində və çevikliyindədir. Bildiyimiz kimi, banklarda yeni məhsulun hazırlanması və bazara çıxarılması daha çox vaxt tələb edir. Bu, bütün dünyada müşahidə olunan praktikadır. Daha çevik olan fintexlər isə məhsullarını daha sürətlə hazırlayıb tətbiq edə bilirlər. Buna görə də rəqəmsallaşma sahəsində böyük imkanlar olduğunu düşünürük. Lakin imkanlardan istifadə etmək üçün qanunvericilik sahəsində və daha əvvəl bəhs etdiyim institusional inkişaf istiqamətində addımlar atılmalıdır".