Florian Zenqstşmid: "Bakı Asiya turistləri üçün Qafqaz və Mərkəzi Asiyaya səyahətin başlanğıcı ola bilər" - Müsahibə
- 30 oktyabr, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın turizm sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni bazarlardan turist axınının artırılması istiqamətində fəaliyyətini gücləndirir. Bu prosesdə ölkənin mədəni irsinin, təbii resurslarının və regional turizm marşrutlarının tanıdılması ilə yanaşı, xarici tərəfdaşlarla əlaqələrin inkişafı da ön plana çıxır. Xüsusilə Asiya-Sakit Okean regionu ilə əməkdaşlıq turizm sənayesinin yeni imkanlara çıxışı və Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli istiqamətlərdən biridir.
Ötən gün Bakıda Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilib. Sammit çərçivəsində ATB ilə PATA arasında dörd prioritet istiqaməti əhatə edən Anlaşma Memorandumu imzalanıb. Sənəd beynəlxalq turizm əlaqələrinin inkişafına və yeni biznes əməkdaşlıqlarının qurulmasına yönəlib.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid "Report"a müsahibəsində Azərbaycanın turizm sektorunda beynəlxalq əməkdaşlığın perspektivlərini, Asiya-Sakit Okean regionunun əhəmiyyətini, Qarabağın turizm imkanlarını və ölkənin qlobal turizm bazarındakı mövqeyinin gücləndirilməsi ilə bağlı planları açıqlayıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Azərbaycanla turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün əsas perspektivlər və gələcək planlar nədən ibarətdir?
- Azərbaycanın yeni bazarlarda tanıdılması, xüsusilə Asiya-Sakit Okean regionunda mövqeyinin genişləndirilməsi mühüm prioritetlərimizdən biridir. Bu sammiti Bakıda keçirməyimizin səbəblərindən biri də məhz budur.
Son illərdə Asiya-Sakit Okean regionunda turizm bazarında davamlı artım müşahidə edirik. Azərbaycanla bu region arasında hava əlaqələri də genişlənir. Artıq "Azərbaycan Hava Yolları" (AZAL) Pekinə birbaşa uçuşlar həyata keçirir. Gələn ilin may ayından Şanxaya uçuşlar başlayacaq, həmçinin digər Asiya istiqamətləri üzrə də reyslərin açılması nəzərdə tutulur.
Asiya qlobal turizmin ən sürətlə böyüyən bazarlarından biridir. Qlobal turizm hərəkətliliyinə nəzər saldıqda, bu regionun ən dinamik istiqamətlərdən biri olduğunu görürük. Eyni zamanda, Asiya-Sakit Okean regionunun sakinləri öz regionları daxilində səyahət etməyə böyük maraq göstərirlər.
Bu baxımdan, onları yalnız Azərbaycana deyil, həm də Qafqazın digər ölkələrini və Mərkəzi Asiyanı əhatə edən, İpək Yolu boyunca uzanan marşrutlar vasitəsilə ölkəmizə cəlb etmək üçün ikiqat potensial var. Azərbaycan həm ayrıca turizm istiqaməti, həm də daha geniş regional səyahətin başlanğıc nöqtəsi kimi Asiya-Sakit Okean bazarları üçün cəlbedicidir.
- Qarabağın zəngin turizm potensialı Azərbaycanın ümumi turizm təbliğatında hansı rol oynayır?
- Qarşıdakı illərdə PATA ilə tərəfdaşlığımızı daha da gücləndirməyi və Azərbaycana daha böyük beynəlxalq tədbirlər gətirməyi hədəfləyirik.
Azərbaycanı turizm istiqaməti kimi təqdim edərkən, zəngin təbii resursları və unikal mədəni irsi ilə Qarabağı da xüsusi vurğulayırıq. Qarabağ həm qlobal miqyasda, həm də Asiya-Sakit Okean regionunda ölkəmizin turizm təbliğatının mühüm tərkib hissəsidir.
Bu bölgənin turizm potensialı çox böyükdür və Azərbaycanın mövcud turizm məhsullarına əlavə dəyər qatır. Məsələn, mədəniyyət beşiyi olan Şuşanı qeyd etmək kifayətdir. İsa bulağı, möhtəşəm dağlar və mənzərələr bölgədə yürüş, təbiət və qış idman növlərinin inkişafı üçün əlverişli imkanlar yaradır.
Qarabağ irs, mədəniyyət, qastronomiya və şərab turizmi baxımından da böyük müxtəlifliyə malikdir. Bütün bunlar Azərbaycanın mövcud turizm təcrübələrini zənginləşdirir və ölkənin turizm məhsulunu daha cəlbedici edir.
- Azərbaycanın turizm sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək üçün qarşıya qoyduğu əsas hədəflər hansılardır?
- Çoxsaylı planlarımız var. Məsələn, gələn həftə İordaniyaya səfər edəcəyik. Növbəti illərdə Azərbaycanı bu ölkədə daha geniş təbliğ etməyi planlaşdırırıq. İordaniya ilə həftədə iki dəfə uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə vizasız rejim də turistlər üçün əlavə imkan yaradır.
Bundan bir həftə sonra Çində dörd şəhəri əhatə edən böyük turizm sərgisində iştirak edəcəyik. Tokioda və Seulda da geniş təqdimat tədbirləri keçiriləcək.
Beləliklə, Azərbaycanın turizm təbliğatı il ərzində davam edir. Komandalarımız, ölkəmizdəki biznes qurumları və tərəfdaşlarımız bu fəaliyyəti fasiləsiz şəkildə həyata keçirirlər.
Azərbaycanı tanıtmaq, onun turizm imkanları haqqında danışmaq və bu marağı yerli turizm sənayesi üçün real biznes imkanlarına çevirmək bizim gündəlik fəaliyyətimizin əsasını təşkil edir. Bu, ilin 365 günü, həftənin 7 günü, sutkanın 24 saatı davam edən işdir.
– Azərbaycan Turizm Bürosu ilə PATA arasında imzalanan Anlaşma Memorandumu gələcək əməkdaşlığa hansı strateji töhfələri verəcək və bu çərçivədə hansı istiqamətlər prioritet olacaq?
– Asiya-Sakit Okean regionundan Azərbaycana turist axınının artması əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanla Çin, Yaponiya və Koreya Respublikası arasında vizasız rejimlər də bu artımda mühüm rol oynayır.
Bu bazarların hər biri Azərbaycan üçün böyük potensial ehtiva edir. Məhz buna görə dünən burada bir araya gəlmişik.
Bakı qonaqlarımız üçün həm ayrıca turizm istiqaməti, həm də ölkənin digər bölgələrinə səyahətin başlanğıc nöqtəsidir. Sammit iştirakçıları ötən günlərdə Şamaxı, Qəbələ və Şəkidə səfərdə olublar. Onlar üzüm bağlarını, gözəl dağ mənzərələrini görmək, Azərbaycanın turizm imkanları ilə yaxından tanış olmaq və ölkənin atmosferini hiss etmək fürsəti əldə ediblər.
Bu il PATA-nın yaranmasının 75 illiyi qeyd olunur. Bu yubiley ilinin bir hissəsinin Azərbaycanda keçirilməsindən böyük qürur duyuruq. Eyni zamanda, bu gün PATA ilə tərəfdaşlığımızda yeni mərhələyə qədəm qoyuruq.
İmzalanan Anlaşma Memorandumu dörd əməkdaşlıq istiqamətini müəyyən edir. Sənəd Azərbaycanın Asiya-Sakit Okean regionunda tanıdılmasına, B2B tədbirləri və tanışlıq səfərləri vasitəsilə yeni əməkdaşlıq imkanlarının yaradılmasına, regionun media qurumları ilə əlaqələrin gücləndirilməsinə, eləcə də bazar məlumatları və turizm trendləri üzrə təcrübə mübadiləsinə xidmət edəcək.
- Azərbaycanın qlobal turizm bazarındakı mövqeyi ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
- Gözləntimiz Azərbaycanın qlobal turizm bazarında daha böyük əhəmiyyət və aktuallıq qazanmasıdır. Hazırda müşahidə etdiyimiz müsbət tendensiyalar da bu istiqamətdə irəlilədiyimizi göstərir.
Məqsədimiz Azərbaycanı qlobal miqyasda ən çox seçilən turizm istiqamətlərindən birinə çevirməkdir. İnanıram ki, bu istiqamətdə uğur qazanacağıq.