Azərbaycana gələn turistlərin xərcləri 13 %-ə yaxın azalıb
- 06 noyabr, 2026
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 2 milyard 193 milyon 511,7 min manat xərcləyiblər.
"Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 322 milyon 701,3 min manat və ya 12,8 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 9 ayda nəqliyyata 973 milyon 50,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 181 milyon 101,1 min manat və ya 15,6 % azdır.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 20,7 % və ya 106 milyon 362,1 min manat azalaraq 405 milyon 370,7 min manat olub.
Turistlər qidalanmaya 407 milyon 201,8 min manat xərcləyib ki, bu da bir il əvvələ nisbətən 63 milyon 12 min manat və ya 13,4 % azdır.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 5,1 % azalaraq 14 milyon 604,6 min manat olub.
Yanvar-sentyabr aylarında turizm zərfinin alınmasına isə 989,2 min manat xərclənib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 144,5 milyon manat və ya 12,7 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 3 milyon 430,3 min manat (+8,2 %), idman və əyləncə xidmətlərinə 20 milyon 936,2 min manat (+19,3 %), malların və hədiyyələrin alınmasına 280 milyon 617,1 min manat (+10,8 %), digər istiqamətlərə isə 87 milyon 310,9 min manat (-2,7 %) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 2,6 % azalaraq 666 milyon 569,6 min manat təşkil edib. Türkiyədən gələn turistlərin xərcləri 234 milyon 345,3 min manat olub ki, bu da illik müqayisədə 9,7 % azdır. İsraildən səfər edənlərin xərcləri isə 78,9 % artaraq 133 milyon 647 min manata çatıb .
9 ayda Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,1 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,7 %-i İran, 4,9 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,7 %-i İsrail, 3,5 %-i Pakistan, 3,1 %-i Özbəkistan, 2,8 %-i Çin, 2,6 %-i Hindistan, 2,4 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 1 %-i Belarus, 12,2 %-i digər ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 % artaraq 94,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 % artaraq 699 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32 % azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 5,5 % azalaraq 820,3 min nəfər təşkil edib.