Azərbaycan "WiT Phocuswright Middle East" turizm tədbirində iştirak edib

Turizm
  • 16 iyun, 2026
  • 16:50
Azərbaycan WiT Phocuswright Middle East turizm tədbirində iştirak edib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) İspaniyanın Barselona şəhərində keçirilmiş "WiT Phocuswright Middle East" tədbirində iştirak edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qlobal turizm sənayesinin aparıcı nümayəndələrini və innovasiya liderlərini bir araya gətirən tədbirdə sektorun inkişaf tendensiyaları, bazar dinamikası və gələcək perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində Büronun İdarə Heyətinin sədri Florian Zenqstşmid panel müzakirələrində iştirak edərək qlobal turizm təcrübələri, Azərbaycanın turizm destinasiyası kimi mövqeyi və ölkədə turizmin inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

Müzakirələr zamanı destinasiyaların mövqeləndirilməsi, regional turizm dinamikası, məlumat əsaslı qərarvermə yanaşmaları və turizmin inkişafında sosioloji amillərin rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

"WiT Phocuswright Middle East" turizm sənayesinin gələcəyi və Yaxın Şərq regionunun qlobal turizm ekosistemində rolu ilə bağlı müzakirələr üçün aparıcı beynəlxalq platformalardan biri hesab olunur.