Assosiasiya: Regiondan paytaxta kadr axını hotellər üçün problem yaradır

Turizm
  • 19 noyabr, 2026
  • 17:32
Assosiasiya: Regiondan paytaxta kadr axını hotellər üçün problem yaradır

Hotelçilik sənayesinin əsas problemi regionlardan paytaxta kadr axınıdır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Hotellər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda bildirib.

"Sənayemiz daim bu problemlə üzləşir. Bunun qarşısını almaq üçün biz də rəqabətqabiliyyətli əməkhaqqı təmin etməyə çalışırıq. Gənclər və istedadlı kadrlar üçün keyfiyyətli iş mühiti, beynəlxalq standartlara uyğun iş şəraiti, davamlı təlim və inkişaf, eləcə də karyera imkanları yaratmağa çalışırıq. Assosiasiya və tədris müəssisələri arasında əməkdaşlığa dair memorandumlar mövcuddur. Artıq Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti ilə əməkdaşlığa başlamışıq. Məqsədimiz gənc mütəxəssisləri və istedadlı kadrları sənayenin tələblərinə uyğun şəkildə yetişdirməkdir. Bu istiqamətdə biz həm tədris müəssisələrinin kurikulumlarının hazırlanmasında ekspert kimi iştirak edir, həm də sənayenin ehtiyaclarını tam əks etdirən proqramların formalaşdırılması ilə bağlı təşəbbüslər irəli sürürük. Eyni zamanda, gənclərin fəaliyyət göstərən hotellərdə praktiki təcrübə toplamaq imkanları da var", - deyə o qeyd edib.