Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər"

Futbol
  • 19 noyabr, 2026
  • 17:24
Fərid Qayıbov: Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər

Xankəndi şəhər stadionunda UEFA turnirlərinin oyunları da keçirilə bilər.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.

O, I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" matçı zamanı fikirlərini bölüşüb:

"Xatırlayırsınızsa, Xankəndi azad edildikdən sonra, 2023-cü il dekabrın 21-də şəhər stadionunda ilk oyun keçirildi. Bu, Azərbaycan Kubokunda "Qarabağ" və MOİK komandaları arasında baş tutan qarşılaşma idi. Daha sonra, ölkə başçısının tapşırığına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu. Bu gün isə biz yenidən ilk oyundayıq. "Xankəndi" komandası debüt matçını doğma arenada keçirir. Təbii ki, bu, hamımız üçün sevindirici haldır. Çoxsaylı azarkeşlərin burada toplaşması çoxdan gözlədiyimiz bir hadisə idi".

F.Qayıbovun sözlərinə görə, I Liqanın digər təmsilçisi MOİK də ev oyunlarını bu stadionda keçirmək qərarına gəlib:

"Gələn ildən etibarən onlar da burada oynayacaqlar. Bildiyiniz kimi, stadion müvafiq UEFA kateqoriyasını almağa hazırdır. Burada beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Çalışacağıq ki, UEFA-dan həmin kateqoriya alındıqdan sonra AFFA-nın da dəstəyi ilə burada nəinki aşağı yaş qrupları üzrə, həm də A milli komandamızın oyunları təşkil olunsun. Həmçinin stadionda UEFA turnirlərinin matçları da keçirilə bilər".