Alman şirkətləri Azərbaycanda dayanıqlı turizm sahəsindəki imkanları araşdıracaq

Turizm
  • 21 noyabr, 2026
  • 14:54
Alman şirkətləri Azərbaycanda dayanıqlı turizm sahəsindəki imkanları araşdıracaq

Almaniya şirkətlərinin nümayəndə heyəti 2027-ci ilin 6-11 iyun tarixlərində dayanıqlı turizm sahəsində ticarət missiyası çərçivəsində Azərbaycana səfər edəcək.

"Report"un Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azerbaijan) istinadən verdiyi məlumata görə, səfər proqramı Bakı, Qəbələ və Şəkini əhatə edir.

Missiyanın proqramında yerli turizm bazarının iştirakçıları üçün təqdimatların keçirilməsi, turizm müəssisələri və məkanlarına səfərlərin, habelə potensial azərbaycanlı tərəfdaşlarla B2B formatında fərdi işgüzar görüşlərin təşkili nəzərdə tutulur.

Təşəbbüs əsasən mehmanxana təsərrüfatının dayanıqlı idarəçiliyi, o cümlədən enerji istehlakının və sudan istifadənin optimallaşdırılması; hotellərin, kurort komplekslərinin və təbiət turizmi obyektlərinin layihələndirilməsi, mühəndis təminatı və təchizatı; ekoloji turizm, piyada turizmi və təbii mühitdə aktiv istirahət; rezervasiya, turizm istiqamətlərinin idarə edilməsi və səyahətçilərə informasiya xidmətinin göstərilməsi üçün rəqəmsal platformalar; ekoloji və keyfiyyət menecmenti, dayanıqlı inkişaf sahəsində sertifikatlaşdırma, turizm sahəsi üçün mütəxəssislərin hazırlanması sahələrində ixtisaslaşan kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə yönəlib.

Missiya Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) sifarişi ilə "COMMIT Project Partners GmbH" şirkəti tərəfindən "AHK Azerbaijan" ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir. "AHK Azerbaijan"da qeyd ediblər ki, 2026-cı ildə Almaniyanın üç şəhərində turizm üzrə "roadshow" keçirilib. Bu "roadshow" çərçivəsində Almaniyanın 100-dən çox turoperatoru və turizm agentliyi Azərbaycanın turizm imkanları ilə tanış olub.

Azərbaycan Dövlət Turizm Agentliyinin statistik məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəni 20 758 almaniyalı turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur. Eyni zamanda, hesabat dövründə Almaniyaya səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 22 928 nəfərə çatıb, illik müqayisədə artım 3,81 % olub.

44 filmi